BAKI, 8 sentyabr — Sputnik. Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsindən 4 milyard 271,6 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Bu barədə Sputnik Azərbaycan-a Fonddan məlumat verilib.
Bildirilib ki, bu, 2023-cü ilin 8 ayının göstəricisi ilə müqayisədə 9,6% azdır.
Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında ARDNF AÇG-nin işlənməsindən 4 milyard 728 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb.
2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də "BP" şirkəti (30,37%), Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR (25%) pay sahibidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.