İQTİSADİYYAT

"Bakı Gəmiqayırma Zavodu"nun istehsal həcmi 3 dəfədən çox artıb

Müəssisə müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz və mühəndislik işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir.
Sputnik
BAKI, 8 sentyabr — Sputnik. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti "Bakı Gəmiqayırma Zavodu" MMC-nin istehsal həcmi artıb.
İZİA-dan Sputnik Azərbaycan-a bildirilib ki, 2023-cü ilin I yarısında zavodun istehsal həcmi 8,3 milyon manat təşkil etmişdirsə, bu ilin eyni dövründə istehsal həcmi 3 dəfədən çox artmaqla 25 milyon manata çatıb. Hazırda zavodda 722 nəfər daimi işlə təmin edilib.
"Bakı Gəmiqayırma Zavodu" MMC Qaradağ Sənaye Parkında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində 2015-ci ildən indiyədək 73 milyon manatdan çox vəsaitə qənaət edib. Müəssisə müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz və mühəndislik işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir.
Sənaye parkları
Xatırladaq ki, sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli biznes mühiti formalaşdırılıb. Sənaye parklarının rezidentləri 10 il müddətinə əmlak, torpaq, mənfəət vergisi, eləcə də istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Qanunvericiliyə uyğun olaraq, sənaye parklarında torpaq sahələri dövlət mülkiyyətindədir və rezidentlərə müqavilə əsasında uzunmüddətli icarəyə verilir.
Ölkəmizdə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 2021-ci il 22 yanvar tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasının əsas məqsədi sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlamaq, həyata keçirilməsini təmin etmək, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərini həyata keçirməkdir.
Hazırda Agentliyin idarəçiliyində olan 6 sənaye parkı aşağıdakılardır:
Sumqayıt Kimya Sənaye Parkı
Pirallahı Sənaye Parkı
Qaradağ Sənaye Parkı
Ağdam Sənaye Parkı
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı
Mingəçevir Sənaye Parkı.
Sənaye zonalarına sahibkarların marağı artmaqda davam edir
2024-cü ilin 7 ayında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 20 sahibkarlıq subyektinə rezident statusu verilib. Bunlardan 10-u Ağdam Sənaye Parkının, 5-i "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, 1-i Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.
Qeydiyyata alınmış rezidentlər tərəfindən sənaye zonalarına ümumilikdə 118 milyon manatdan çox investisiyanın yatırılması, 1000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Sənaye zonaları istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. 2024-cü ilin birinci yarısında sənaye zonalarında 1,4 milyard manatlıq satış həyata keçirilib, bunun da 477 milyonluq hissəsi ixracın payına düşür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.