BAKI, 7 sentyabr — Sputnik. Bu il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1,1 milyon pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10,8 faizi deməkdir. Yəni, Azərbaycanda hər 10 nəfərdən biri pensiyaçıdır. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib.
Yaşa və ailə başçısını itirməyə görə pensiya alanlar artıb
Deputat qeyd edib ki, pensiyaçıların 64,4 faizi yaşa görə pensiya alır: "Bu, o deməkdir ki, yaşa görə pensiya alan vətəndaşlarımızın sayı 709044 nəfərdir. Ötən ilin eyni dövründə bu göstərici 702920 nəfər olub. Deməli, son 1 ildə yaşa görə pensiya alanların sayı 6124 nəfər artıb".
O qeyd edib ki, əlilliyə görə pensiya alanlar ümumi pensiyaçıların 23.3 faizini təşkil edib: "Deməli, 256533 nəfər əlilliyə görə pensiya alır. Bir il əvvəl bu göstərici 258797 nəfər idi. Bu isə o deməkdir ki, əlilliyə görə pensiya alanların sayında 2264 nəfər azalma qeydə alınıb. Ailə başçısını itirməyə görə pensiya alanlar isə pensiyaçıların 12,3 faizini təşkil etməklə 135423 nəfər olub. Bu növ pensiya alanların sayında da son bir ildə artım qeydə alınıb".
"Göründüyü kimi, pensiyaçıların sayı 2 növ pensiya üzrə artıb, 1 növ üzrə isə azalıb. Rəsmi statistika göstərir ki, son illər əlilliyə görə pensiya alanların sayında azalma müşahidə edilməkdədir. Azalma bu sahədə tətbiq olunan yeni qaydalar və təkrar müayinələr ilə bağlıdır" - deputat əlavə edib.
Ümumilikdə pensiyaçıların sayı azalıb
Qeyd edək ki, ölkədə pensiyaçıların sayı azalıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 101 000 (ötən ilin iyulun 1-i vəziyyətinə 1 096 600 nəfər) pensiyaçı qeydiyyatda olub. İllik müqayisədə pensiyaçıların sayı 4400 nəfər və ya 0,4 faiz azalıb. Pensiyaçıların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz artaraq 491,3 manat təşkil edib və orta aylıq əməkhaqqının 49,0 faizinə bərabər olub. Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin 2024-cü il 5 fevral tarixli Sərəncamına əsasən 2024-cü ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyaları indeksləşdirilərək 11,2 faiz artırılıb.
Pensiyaçıların sayı indi niyə azalır?
İqtisadçı-ekspert Eldəniz Əmirov Sputnik Azərbaycan-a deyib ki, son statistik məlumatlara əsasən, ölkədə pensiya alan şəxslərin sayında azalma müşahidə edilir: "Pensiyaçıların sayının azalmasının bir neçə səbəbi var. Birincisi, qeyri-qanuni yolla pensiya alan şəxslərin bu hüquqdan məhrum edilməsidir. İkincisi, pensiya yaşının mütəmadi olaraq qaldırılmasıdır. Bu, pensiyaçıların artmasına mənfi təsir göstərir".
Ekspert bildirib ki, yaşa görə pensiya alanların sayında nisbətən artım olsa da amma əhalinin artım sayı ilə müqayisədə bu kateqoriyada olan pensiyaçıların sayında artım o qədər də ürəkaçan deyil: "Bunun səbəbi isə pensiya yaşının artırılmasıdır. Ötən il ərzində əlilliyə görə pensiya alanların sayında isə 15 min nəfərədək azalma var. Bunun da əsas səbəbi pensiya təyinatı prosesinin ağardılmasıdır".
"Növbəti illərdə pensiyaçıların sayında artımlar yüksək olmaya bilər. Amma 2028-ci ildən başlayaraq ölkədə pensiyaçıların sayında artımlar müşahidə edə biləcəyik. Çünki 2027-ci ildə pensiya yaşının artımı bitəcək", ekspert əlavə edib.
"2026-cı ildən sonra pensiyaçıların sayında artım olacaq"
Xatırladaq ki, bir müddət öncə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mediaya açıqlamasında demişdi ki, pensiyaçıların sayının azalması 2017-ci ildə bu sahədəki qanuna edilən dəyişikliklərlə bağlıdır: "Dəyişikliyə əsasən Azərbaycanda kişilər və qadınlar 65 yaşdan pensiyaya çıxacaqlar. O zaman kişilər 63, qadınlar isə 60 yaşdan pensiya alırdı. Qərara alındı ki, kişilərin pensiya yaşı 4 il ərzində 63-dən 65-ə, qadınlarınkı isə10 il ərzində hər il 6 ay artırılmaqla 60-dan 65-ə qaldırılsın. Kişilərdə pensiya yaşı artıq 65-ə çatıb. Qadınlarda isə hələlik pensiya yaşı 63-dür. Əvvəl 60 yaşında pensiya alan qadınlar indi 63 yaşdan pensiya alır. Deməli, ortada 3 il gecikmə var. 3 il ərzində 8-9 min adam pensiyaya çıxırdısa, artıq bu, belə deyil".
Deputat qeyd edib ki, pensiyaçıların sayının azalması 2026-cı ilə qədər davam edəcək: "2026-cı ildən qadınların pensiya yaşı da 65 olacaq. Bu zaman sabitləşmə dövrü başlayacaq. Azalma insanların vaxtından tez ölməsi, pensiyaya çıxanların qarşısını almaqla əlaqədar deyil. Sadəcə olaraq, qanuna əsasən pensiya yaşının artırılması ilə bağlıdır".
Komitə sədri 2026-cı ildən sonra pensiyaçıların sayında artım olacağını da deyib: "Artıq 2026-cı ildə sabitləşmə, ondan sonra isə pensiyaçıların sayının artmasını biz müşahidə edəcəyik".
Əlavə edək ki, "Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.
Azərbaycanda əmək pensiyasının 3 növü var - yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.