BAKI, 6 sentyabr — Sputnik. Sankt-Peterburqda Aleksandrinski teatrının səhnəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının "İblis və..." ("İblis" və ya "Demon") tamaşasının premyerası baş tutub.
Premyera "Aleksandrinski" XV Beynəlxalq festivalı çərçivəsində baş tutub.
Tamaşanın rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Azərbaycan ədəbiyyatının klassiki Hüseyn Cavidin eyniadlı pyesi əsasında hazırlanmış bu tamaşa üzərində bir neçə ay çalışıblar.
"Mən çox şadam ki, onun premyerası belə bir mötəbər tədbir çərçivəsində keçirilib. Rusiya tamaşaçıları tamaşanı yüksək qiymətləndiriblər və aktyorları uzun müddət səhnədən buraxmayıblar. Tamaşa oktyabrın əvvəlində Bakıda nümayiş etdiriləcək", Ələkbərzadə qeyd edib.
Azərbaycanın "İblis" tamaşası Sankt-Peterburqda nümayiş etdirilib
© Photo : Azerbaijan State Academic National Drama Theatre
Tamaşanın quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, geyim üzrə rəssam Vüsal Rəhim, işıq üzrə rəssam Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor köməkçiləri Nərmin Həsənova və Ceyran Başarandır. Tamaşada xalq artisti Kazım Abdullayev, əməkdar artistlər Ayşad Məmmədov, Anar Heybətov, Elnar Qarayev, Elşən Cəbrayılov, Vəfa Rzayeva, Elşən Rüstəmov, aktyorlar Ziya Ağa, Elsevər Rəhimov, Elçin Əfəndi, Lalə Süleymanova, Vüsal Mustafayev, Elçin Nurəliyev və Tural İbrahimov çıxış edirlər.
Tamaşadakı hadisələr Birinci Dünya Müharibəsi illərində Yaxın Şərqdə cərəyan edir. Atasının qatilinin qisasını alacaq qıza ürəyini verməyə qərar verən Rəna adlı qıza aşiq olan sülhsevər Arif özü də cinayətkar olur: həyat yoldaşı Xavəri boğaraq, qardaşı Vasifi öldürür, bununla da İblisin, yəni şərin insanın özündə yuva qurması fikrini təsdiq edir.
Azərbaycanın "İblis" tamaşası Sankt-Peterburqda nümayiş etdirilib
© Photo : Azerbaijan State Academic National Drama Theatre
Ələkbərzadə qeyd edib ki, onun əsas məqsədi çox vaxt şeytanın insan pisliklərinin mənbəyi olmadığını, insanların özlərinin pis olduğunu göstərmək olub.
Festival çərçivəsində Aleksandrinski teatrının prezidenti Valeri Fokin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərovla teatrlar arasında gələcək əməkdaşlığı müzakirə edib.
Bundan əlavə, Rusiya teatrının foyesində Dram Teatrın müxtəlif tamaşalarından fotoşəkillərdən ibarət sərgi də təşkil olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.