NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft bazarında təlatüm: "Brent" 8%, "WTI" isə 6% ucuzlaşıb

"OPEC+" ölkələri neft hasilatının bərpasını təxirə salmaq və gündəlik 2,2 milyon barel könüllü hasilat azaltmalarını dekabr ayına qədər uzatmaq qərarına gəlib.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Dünya bazarında Azərbaycan nefti cüzi bahalaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,04 faiz artaraq 78,33 dollar olub.
Dünya bazarlarında neft qiymətlərində artım müşahidə edilir. İnvestorlar ABŞ-nin əsas məşğulluq məlumatları ərəfəsində ehtiyatlı davranıblar. Digər tərəfdən, "OPEC+" ölkələri neft hasilatının könüllü azaldılmasını dekabra qədər uzadıb.
"Brent" markalı neft 13 sent artaraq 72,82 dollara, ABŞ-nin Qərbi Texas nefti 12 sent artaraq 69,27 dollara çatıb.
Həftə ərzində "Brent" təxminən 8%, "WTI" isə təxminən 6% ucuzlaşıb.
Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 6 milyon 873 min barel azalaraq 418 milyon 310 min barel təşkil edib. Bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.
Bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 600 min barel azalacağını proqnozlaşdırırdı.
Bu arada Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, "OPEC+" ölkələri neft hasilatının bərpasını təxirə salmaq və gündəlik 2,2 milyon barel könüllü hasilat azaltmalarını dekabr ayına qədər uzatmaq qərarına gəlib. Bu barədə təşkilatın saytında yerləşdirilən məlumatda deyilir.
Məlumata görə, "OPEC+" ölkələri həmçinin hasilatı bərpa edəcəkləri qrafiki də yeniləyiblər. Belə ki, bir sıra ölkələr 2024-cü il dekabrın 1-dən alyans üzvlərinin daha əvvəl razılaşdığı kimi, 2025-ci ilin sentyabrına qədər deyil, 2025-ci ilin noyabrına qədər hasilatı tələb olunan kvotalara qədər tədricən artıra biləcəklər. Eyni zamanda, "OPEC+" ölkələri zərurət yarandıqda artımı dayandırmaq və ya parametrlərə düzəliş etmək imkanlarını özündə saxlayır.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
05.09.24, 12:10
Neft qiymətləri yüksəlir - OPEC hasilat artımını gecikdirə bilər
Neft qiymətləri bir neçə aylıq minimuma endikdən sonra yüksəlib, çünki əsas istehsalçılar gələn ay üçün planlaşdırılan hasilat artımını gecikdirə bilər. Digər tərəfdən, ABŞ-də ehtiyatların azalması da qiymətlərə təsir edib. Lakin qiymət artımı tələbin azalacağı narahatlığı ilə məhdudlaşır.
"Brent" markalı neft əvvəlki sessiyada 1,4% azalaraq 27 iyun 2023-cü ildən bəri ən aşağı səviyyəyə çatdıqdan sonra bu gün 35 sent və ya 0,48% bahalaşaraq 73,05 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti 25 sent azalaraq 78,3 dollar təşkil edib.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) qiymətlərin düşməsi səbəbindən oktyabrda başlaması planlaşdırılan neft hasilatının artırılmasını təxirə salmağı müzakirə edir. Qeyd olunub ki, neft, zəif qlobal iqtisadiyyatla bağlı narahatlıqlar və xüsusilə də dünyanın ən böyük neft idxalçısı olan Çindən gələn zəif məlumatlar səbəbindən ucuzlaşır. Bu, OPEC-də narahatlıq yaradıb.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.