Fermerlərə veriləcək subsidiyaların məbləği məlum olub - Müasir suvarma sistemləri əsasdır
Pambıq, şəkər çuğunduru, soya və tütün bitkiləri üzrə 2025-ci ildə yalnız məhsul subsidiyası veriləcək. Belə ki, soya üzrə əkin subsidiyası da ləğv edilərək məhsul subsidiyasına keçilir, qarğıdalı və günəbaxan üzrə isə həm əkin, həm də məhsul subsidiyası veriləcək.
SputnikBAKI, 6 sentyabr — Sputnik. Azərbaycanda gələn il üçün bitkiçilik sahəsi üzrə subsidiyaların məbləği məlum olub. Aqrar Subsidiya Şurası 2025-ci il üçün bitkiçilik sahəsində subsidiyaların məbləği ilə bağlı qərar qəbul edib və qərara əsasən, baza məbləği 200 manat götürülüb. Baza məbləği deyəndə bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti nəzərdə tutulur.
Aqrar Subsidiya Şurası yaşıl subsidiyalar təşəbbüslərini dəstəkləyir
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrinə görə 60 manat məbləğində əlavə əkin subsidiyası, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan 1 hektara minimum 1500 tingin əkildiyi tarlaqoruyucu zolaq bitkilərinin hər hektarına görə 1000 manat məbləğində əkin subsidiyası veriləcək. Habelə, işğaldan azad edilmiş ərazilərdə müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrində becərilən dənli və dənli paxlalılara görə əkin subsidiyası 400 manat məbləğində müəyyən edilib. Məqsəd ölkəmizdə Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinin, habelə 2024-cü il noyabrda Bakı şəhərində keçiriləcək BMT-nin İqlim dəyişiklikləri üzrə 29-cu Tərəflər konfransının (COP29) çağırışları nəzərə alınaraq iqlim dəyişikliklərindən təsirlənən kənd təsərrüfatı sektorunda 2025-ci ildən etibarən sudan səmərəli istifadənin və ətraf mühitin qorunmasının dəstəklənməsidir.
Yanacağın bahalaşması ilə bağlı əkin subsidiyası artırılır
2024-cü ildə avtomobil benzini və dizel yanacağının qiymətlərinin artımının müəyyən hissəsinin kompensasiya edilməsi məqsədilə 2025-ci ildə dənli və dənli paxlalılar, kartof, tərəvəz və yonca bitkiləri, habelə təkrar əkinlər üzrə əkin subsidiyası artırılıb.
Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü ilin sentyabrın 1-dən dekabrın 31-dək salınan intensiv fındıq bağlarının hər hektarına görə 4400 manat, intensiv nar bağlarının hər hektarına görə 3000 manat, intensiv zeytun bağlarının hər hektarına görə 5600 manat məbləğində əkin subsidiyası veriləcək.
Aqrar Subsidiya Şurasının qərarına əsasən 2025-ci ilin yanvarın 1-dən mayın 31-dək salınan:
Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında və Xocavənd rayonunda sahəsi azı 1 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi (ocağın olduğu) intensiv fındıq bağlarının hər hektarına görə 4400 manat;
Qarabağ, Şərqi Zəngəzur, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan, Gəncə-Daşkəsən və Dağlıq Şirvan iqtisadi rayonlarında sahəsi azı 3 hektar olan və 1 hektara minimum 650 ədəd tingin əkildiyi intensiv nar bağlarının hər hektarına görə 3000 manat;
Abşeron-Xızı, Qarabağ, Mil-Muğan, Mərkəzi Aran, Şirvan-Salyan və Şərqi Zəngəzur iqtisadi rayonlarında dəniz səviyyəsindən 150 metrdən yuxarı olmayan ərazilərdə azı 15 hektar sahədə salınan və 1 hektara minimum 1650 ədəd tingin əkildiyi intensiv zeytun bağlarının hər hektarına görə 5600 manat məbləğində əkin subsidiyası veriləcək.
Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan və Qarabağ iqtisadi rayonlarında dəniz səviyyəsindən 50 metrdən yuxarı olmayan ərazilərdə yerləşən və cəmi sahəsi ən azı 3 hektar olan intensiv şaftalı (nektarin) və ərik bağlarının hər hektarına görə 4000 manat əkin subsidiyası veriləcək. Abşeron-Xızı, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında dəniz səviyyəsindən 150 metrdən yuxarı olmayan ərazilərdə yerləşən və 1 hektara minimum 400 ədəd tingin əkildiyi intensiv püstə bağlarının hər hektarına görə 4500 manat əkin subsidiyası veriləcək. Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarında dəniz səviyyəsindən 250 metrdən yuxarı olan ərazilərdə sahəsi azı 3 hektar olan və 1 hektara minimum 2450 ədəd sertifikatlı tingin əkildiyi intensiv armud bağlarının hər hektarına görə 8000 manat əkin subsidiyası veriləcək. Quba-Xaçmaz, Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonlarında və Lerik rayonunda sahəsi azı 2 hektar olan və 1 hektara minimum 2450 ədəd sertifikatlı tingin əkildiyi intensiv alma bağlarının hər hektarına görə 11000 manat əkin subsidiyası veriləcək. Yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş və 1 hektara minimum 20000 ədəd sertifikatlı tingin əkildiyi çay plantasiyalarının hər hektarına görə 12000 manat məbləğində əkin subsidiyası veriləcək.
Məhsul subsidiyasının siyahısı genişlənir
Pambıq, şəkər çuğunduru, soya və tütün bitkiləri üzrə 2025-ci ildə yalnız məhsul subsidiyası veriləcək. Belə ki, soya üzrə əkin subsidiyası da ləğv edilərək məhsul subsidiyasına keçilir, qarğıdalı və günəbaxan üzrə isə həm əkin, həm də məhsul subsidiyası veriləcək. 2025-ci ildən pambıq, şəkər çuğunduru, tütün və soya üzrə məhsul subsidiyaları müasir suvarma sistemlərinin tətbiqi baxımından fərqləndirilib.
Pambıq üzrə məhsul əmsalı
Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax, Zərdab rayonlarına və
Naftalan şəhərinə şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Tütün üzrə məhsul əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Qubadlı, Şəki, Tovuz, Yardımlı, Zaqatala və Zəngilan rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Buğda üzrə məhsul əmsalı müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya şamil edilir, digər hallarda 0-a bərabər qəbul edilir.
2025-ci ildən alma, armud, gilas, nar, fındıq, üzüm, çay, badam, püstə, şaftalı, nektarin, ərik, xurma (xirnik), zeytun tingləri ilə yanaşı, limon, kinkan, naringi, portağal, qoz və şabalıd tinglərinin istehsalı və satışına görə də toxum subsidiyası veriləcək.
Şuranın qərarına əsasən, çəltiyin əsas və təkrar əkinləri üçün hər hektara görə müvafiq olaraq 380 manat və 120 manat subsidiyanın verilməsi nəzərdə tutulub. Müasir suvarma sistemləri ilə təmin olunmuş və bu tip suvarma sistemləri olmayan qarğıdalı sahələrinin hər hektarına görə isə müvafiq olaraq 290 manat və 230 manat əkin subsidiyası veriləcək. 2025-ci ilin məhsulu üçün kartof, tərəvəz, bostan bitkiləri əkilmiş və müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrin hər hektarına görə müvafiq olaraq 360 manat, 310 manat və 280 manat subsidiya veriləcək və s.
Ekspert dövlətin subsidiya siyasətini effektiv hesab edib
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, dövlətin subsidiya siyasətini müsbət və effektiv hesab edib:
"Subsidiya dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir və subsidiyaların verilməsi effektivdir. Başqa sözlə, subsidiyaların verilməsi kənd təsərrüfatının inkişafına dəstək verir. Dövlət hansı kənd təsərrüfatı məhsullarının inkişafında maraqlıdırsa, həmin məhsullar üçün subsidiyanın məbləğini artırmağa çalışır".
M.Həsənov bildirib ki, fermerlər gec (5-6 ildən sonra) məhsul verən bitkiləri (zeytun, nar və s.) əkməyə maraqlı olmurlar:
"Onlar əsasən tez məhsul verən bitkilər (badam, gilas, nektarin və s.) əkməyə həvəs göstərirlər. Əksəriyyət tez məhsul verən bitkilər becərdiyinə görə, bazarda həddindən çox bu məhsullar artır və bu zaman qiymət aşağı düşür. Ona görə də dövlət bu məsələni tənzimləməyə çalışır və gec məhsul verən bitkilərə marağı artırmaq üçün birdəfəlik subsidiyalar verir. Digər tərəfdən, hansı məhsullara tələbat daha çoxdursa, həmin istiqamətdə subsidiyaların məbləği artırılır".
"Subsidiya xərcləri qismən kompensasiya etmək üçündür"
Ekspertin sözlərinə görə, subsidiya o demək deyil ki, dövlət fermerin çəkdiyi bütün xərci qarşılamalıdır:
"Bu, sadəcə bir köməkdir. Məsələn, buğda əkininə görə 1 hektara 220 manat subsidiya verilir. Amma 1 hektar buğda əkini üçün ən azı 600 manat pul lazımdır. Subsidiya xərcləri qismən kompensasiya etmək üçündür. Lakin subsidiyanın məbləği nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bəzi dövlətlərdə isə ümumiyyətlə subsidiya sistemi yoxdur".
Damcı suvarma sistemi ilə təmin olunmuş bağların üstünlüyündən danışan ekspert bildirib ki, ilk olaraq suya qənaət edilir:
"Məsələn, bir sahəyə 10 ton su lazımdırsa, ənənəvi selləmə üsulla suvarılmada həmin sahəyə təxminən 100 ton su buraxılır. Amma damcı suvarma sistemi ilə həmin sahəyə 11-12 ton su buraxılması kifayət edir. İkincisi, damcı suvarma sistemi ilə bitkini istədiyiniz kimi qidalandıra bilirsiz. Ona görə də intensiv bağlarla ənənəvi bağlar arasında məhsuldarlıqda çox böyük fərq var".
Subsidiya almaq üçün nə etməli?
Qeyd edək ki, subsidiyaların verilməsi 2020-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən (https://www.eagro.az/) həyata keçirilir. Subsidiyalar artıq çoxsaylı kağız sənəd toplamadan, yalnız fermerin təqdim etdiyi torpaq sənədləri və əkin bəyanı əsasında verilir. Fermerlər bunun üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçməlidirlər. Əkin subsidiyasının əldə edilməsi üçün 1 sentyabrdan başlayaraq 30 dekabr tarixinə qədər payızlıq əkinlər bəyan olunmalıdır. Fermerlər eagro.az saytı vasitəsi ilə onlayn şəkildə bilavasitə özləri və ya Dövlət Aqrar İnkişaf Mərkəzləri, Xaçmaz və Yevlax KOB (kiçik və orta biznes) evlərinə, eləcə də regional ASAN xidmət mərkəzlərinə müracət etməklə payızlıq əkinləri bəyan edə bilərlər.
Vaxtında edilməyən və ya yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək. Bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının qısa zamanda ödənilməsinə imkan yaradacaq. Monitorinq zamanı aşkarlanmış yanlış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi halı ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra bilərəkdən yanlış bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin əsasən cərimə tətbiq oluna bilər.
Subsidiyalar "Fermer kartı"larına köçürülür. Fermerlər qanunvericiliyə uyğun olaraq, karta köçürülmüş vəsaitin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 faizini isə qeyri-nağd şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına və qurulmasına sərf edə bilərlər. Fermerə verilən subsidiya vəsaiti 2 il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş göndərildikdən sonra fermer 3 ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilmir.
Əkin subsidiyası – fermerlərə kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır.
Məhsul subsidiyası nədir?
Tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən subsidiyadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.