İQTİSADİYYAT

"Azər-Türk Bank"ın səhmləri SOCAR-a hansı yolla veriləcək?

Ekspertin fikrincə, səhmlərin "Azər-Türk Bank"dan SOCAR-a keçməsi bağışlama yolu ilə baş verəcək.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Maliyyə naziri Samir Şərifov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azər-Türk Bank" ASC-nin səhmlərinin bir qismini əldə etməsindən danışarkən söhbətin alqı-satqıdan getmədiyini açıqlayıb.
Report-un "SOCAR "Azər-Türk Bank" ASC-nin səhmlərinin 51%-ni əldə etməyi planlaşdırır. Nəzərə alsaq ki, hazırda Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur, digər səhmdarların sırasında isə Türkiyə və Azərbaycanın bank və şirkətləri daxildir. SOCAR bu sövdələşməni bankın hansı səhmdarlarının payının əldə edilməsi ilə reallaşdırmaq istəyir?" - sualına cavabında nazir deyib:
"Məndə olan məlumata görə, söhbət alqı-satqıdan getmir. Söhbət həmin bankda dövlətə məxsus olan səhmlərin bir qisminin SOCAR-ın sərəncamına verilməsindən gedir. Bu gün qanunvericilikdə belə bir müddəa yoxdur ki, dövlət şirkəti digər dövlət orqanının hansısa əmlakını alsın".
Lakin nazir səhmlərin hansı yolla SOCAR-a keçə biləcəyinə aydınlıq gətirməyib.
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyib ki, əgər "Azər-Türk Bank" ASC-nin səhmlərinin müvafiq hissəsi dövlətə məxsusdursa, həmin səhmlər SOCAR-a ya alqı-satqı, ya bağışlama, ya da dəyişmə vasitəsilə keçə bilər:
"Əgər alqı-satqı ilə yolu ilə olarsa, onda SOCAR dövlət büdcəsinə vəsait ödəməlidir. Bağışlama yolu ilə olarsa, dövlət bu səhmləri SOCAR-a bağışlaya bilər. Dəyişmə yolu ilə olarsa, SOCAR bunun əvəzində dövlətə nəsə bir əmlak verir və s. Məsələn, bankda dövlətə məxsus olan səhmlərin bir qismi SOCAR-a verilir, SOCAR da öz növbəsində özünə məxsus bir şirkəti və s. dövlətə verir. Səhimlərin bir şirkətdən başqasına keçməsi üçün bu üç yoldan başqa yol yoxdur".
Ekspertin sözlərin görə, "Azər-Türk Bank" ASC-nin səhmlərinin müvafiq hissəsi dövlətə məxsusdur. Yəni Əmlak Məsələləri Dövlət Xidməti sadəcə dövlətin adından çıxış edir. Dövlətə məxsus səhmlərin bir qurumdan digər quruma ötürülməsi mümkündür. Lakin bu, 3 müqavilədən (alqı-satqı, bağışlama və dəyişmə) biri əsasında olmalıdır.
"Yəqin ki, səhmlərin "Azər-Türk Bank"dan SOCAR-a keçməsi bağışlama yolu ilə baş verəcək" - ekspert ehtimalını dilə gətirib.
Xatırladaq ki, 16 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 51%-nin əldə edilməsi və bununla bağlı növbəti addımlara dair təqdimat edilib.
"Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.