TƏHLİL

İran ABŞ-ın regionda mövcudluğundan Zəngəzur dəhlizi qədər narahat deyil

İranın regional aktivliyində Zəngəzur dəhlizi ilə bağlı məsələyə "sentimentallığı" nədənsə, ona uzun illərdir ki, sanksiyalar tətbiq edən Qərbə, Fransa və ABŞ-ın bölgədə günü-günüdən genişlənən fəaliyyətinə qarşı hiss olunmur.
Sputnik
BAKI, 5 sentyabr — Sputnik. Zəngəzur dəhlizi yenidən danışıqlar prosesində sülh müzakirələrində əsas rol oynayır. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərində də kommunikasiyaların bərpası ilə bağlı verdiyi açıqlamalar bu məsələni yenidən aktuallaşdırıb. Xatırladaq ki, Rusiya lideri bildirmişdi ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması və sərhədin demarkasiyası üçün nəsə edə bilsə, şad olar. Putin Azərbaycana səfərindən sonra Ermənistan Baş naziri ilə də mövcud vəziyyəti müzakirə edib. Rusiyanın regionda kommunikasiyaların bərpası ilə bağlı aktivliyi bu prosesə öz maraqları çərçivəsində yanaşan İranı qıcıqlandırıb desək yanılmarıq.
Sentyabrın 3-dən məlumat yayıldı ki, İran Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin baş direktoru Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov ilə görüşüb. Dəmirçilu bu görüşdə ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və ümumi maraqlarına hörməti Qafqazda davamlı sülhün qarantı və regional əməkdaşlığın əsası kimi qiymətləndirib.
Görüş zamanı İranın regionda sülh və sabitliyin bərqərar olmasına dəstək vermək, region ölkələri arasında əməkdaşlığın inkişafına kömək etmək, beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərin dəyişdirilməsinə qarşı çıxmaq öhdəliyi ilə yanaşı, Qafqazda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Sərhədlərin və bölgədəki bütün ölkələrin qanuni maraqlarının nəzərə alınmasına dair mövqeləri qeyd olunub.
Dəmirçilunun rəsmi Tehranın adından səsləndirdiyi fikirlər Azərbaycanı təəəcübləndirmir. Təəccüblü olan odur ki, İran artıq Rusiya ilə bu məsələdə kəskin mövqe fərqini büruzə verir. Rəsmi Moskva Şimal-Cənub dəhlizinin keçdiyi Azərbaycanı həm də strtaetji müttəfiqi kimi qəbul edir. İran Azərbaycan münasibətləri isə həssaslığı ilə seçilən qonşuluqdan o yana keçmir. Mövcud İran hakimiyyətinin yeni strukturunda Azərbaycanla münasibətlərdə yenilənmiş strtaeji xəttin seçiləcəyi gözlənilirdi. Görünən odur ki, İranda prezidentin kim olmasından asılı olmayaraq Azərbaycanla münasibətlər qırmızıxətli, kövrək və hər an gərginliyə çatabiləcək şəkildədir.
İranın regional aktivliyində Zəngəzur dəhlizi ilə bağlı məsələyə "sentimentallığı" nədənsə, ona uzun illərdir ki, sanksiyalar tətbiq edən Qərbə, Fransa və ABŞ-ın bölgədə günü-günüdən genişlənən fəaliyyətinə qarşı hiss olunmur. Rəsmi Tehran böyük türk coğrafiyasının birbaşa əlaqələrinə qısqanclıqla yanaşdığını gizlədə bilmir. Azərbaycan, Zəngəzur sözlərini görən kimi qırmızı xətlərini qalınlaşdırır və bu ölkənin bütün rəsmiləri Zəngəzur dəhlizini öz maraqlarına qarşı fəaliyyət kimi təqim edirlər. Amma qeyd etmək lazımdır ki, bu dəhlizin geostrateji əhəmiyəti İranın istənilən əzələ nümayişindən, bu ölkə tərəfindən verilən açıqlamadan daha yüksəkdə dayanır. Zəngəzur dəhlizi təkcə Azərbaycanın Naxçıvanla əlaqəsini təmin etmiş olmur, bu dəhiz həm də Şərqin tranzit imkanlarını Qərbə doğru şaxələndirilməsində, Orta dəhlizin effektivliyinin artırılmasında əhəmiyyətinə malikdir.
VI çağırış Milli Məclisin deputatı Elman Nəsirov Sputnik Azərbaycan-a bildirib ki, Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı məqamlar Azərbaycan, Ermənistan, Rusiya liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatında əks olunub:
Millət vəkili Elman Nəsirov
"O sənədin 9-cu bəndi məhz bu məsələləri ehtiva edirdi. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasının əsas komponentlərindən biri kommunikasiyaların fəaliyyətidir. Yəni delimitasiya, demarkasiya məsələləri ilə yanaşı iki dövlət arasında kommunikasiyaların açılması və bu kontekstdə Zəngəzur dəhlizinin işə salınması əsas strateji hədəflər sırasındadır. Rusiya Prezidenti Vladimir Putin də Azərbaycana son səfərində ölkəmizin mövqeyini dəstəklədi. Putin vurğuladı ki, iki ölkə arasında kommunikasiyalar bərpa edilmədən, sülhdən söhbət gedə bilməz. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bildirib ki, biz istəyirik Ermənistanla münasibətlərimizi yeni ağ səhifədən başlayaq".
Elman Nəsirovun sözlərinə görə, sülh danışıqlarında beş baza prinsipi müyyən edilib və onun əsasında danışıqlar gedir: "Bizim mövqeyimiz aydın və dəqiq ifadə olunub. Ermənistan prosesləri yubatmağa çalışır. Onunla yanaşı bu məsələlərdə mövqeyi başağırısına çevrilib. İranın mövqeyi prosesdə hərəkətverici təsir yaratmır. İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyi anlaşılan və qəbuledilən deyil. Bu, Azərbaycan-İran münasibətlərinin normallaşmasına da mənfi təsir göstərir. Azərbaycan istəyir ki, kommunikasiyaların bərpası bütün region ölkələri üçün səmərəli olsun. İran tərəfi real vəziyyəti düzgün qiymətləndirmir".
Bütün bunlar baş verərkən Ermənistan XİN rəhbərinin müavini Mnatsakan Səfəryan bildirib ki, Azərbaycanla gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi funksiyalarının özəl şirkətlərə verilməsi imkanını nəzərdən keçirirlər. İndi sual olunur, üçtərəfli sənəddə Rusiya FTX-nin Sərhəd qoşunlarının nəarət etməli olduğu dəhlizlərə özəl şirkətləri cəlb etməklə Ermənistanın məqsədi nədir? Görəsən rəsmi Tehran ABŞ-ın Ermənistandakı hərbi mövcudluğundan Zəngəzur dəhlizinə olan münasibəti kimi narahatdırmı?