Qərbin parlament seçkisi ilə bağlı rəyləri növbəti anti-Azərbaycan demarşıdır - Politoloq
Politoloq qeyd edir ki, seçkilərlə bağlı məlumatlar dünyanın heç bir yerində universal seçki prinsipləri olmadığını göstərir.
SputnikBAKI, 5 sentyabr — Sputnik. Bir neçə gün öncə mediada ATƏT-in Azərbaycandakı növbədənkənar parlament seçkiləri ilə bağlı hesabatının artıq hazır olması barədə məlumat yayılmışdı.
Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçirilən seçkilərlə bağlı müşahidələrini düzgün hesab edir.
Azərbaycanda keçirilən seçkilərdən sonra ATƏT bəyan edib ki, seçkilər seçicilərə real siyasi alternativlər təqdim etməyib və fundamental azadlıqları və medianı həddindən artıq məhdudlaşdıran hüquqi çərçivədə keçirilib. Bununla belə, qurum seçkilərin yaxşı təşkil olunduğunu da qeyd edib.
Avropa Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin mətbuat xidməti Azərbaycanda parlament seçkilərinin yekunları ilə bağlı "X" sosial şəbəkəsində paylaşım edib:
"Azərbaycanda erkən parlament seçkiləri rəqabətsiz, məhdudlaşdırıcı siyasi və hüquqi mühitdə baş tutub. ATƏT/DTİHB müxalif səslərə qarşı repressiyaların davam etdiyini də qeyd edib. Aİ Azərbaycanı ATƏT/DTİHB tövsiyələrini yerinə yetirməyə çağırır".
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin mətbuat katibi Peter Stanoya Milli Məclisə sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı paylaşımına görə cavab verib.
Ayxan Hacızadə "X" platformasında bildirib ki, parlament seçkiləri tam olaraq Konstitusiyaya uyğun keçirilib.
"Seçkilər tam olaraq ölkənin Konstitusiyasına və milli qanunvericiliyə uyğun keçirilib", - XİN sözçüsü qeyd edib.
Ayxan Hacızadə vurğulayıb ki, belə qərəzli siyasi baxış ATƏT/DTİHB-nin seçkilərlə bağlı mənfi münasibətini təkrarlayır. Bakı Aİ-ni Azərbaycanın daxili işlərinə qarışmağı dayandırmağa çağırıb.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının operativ məlumatlarına əsasən, növbədənkənar parlament seçkilərində iştirak 37,27% təşkil edib; 990 namizəd parlamentdə yer uğrunda mübarizə aparıb.
Politoloq Yeganə Hacıyeva Sputnik Azərbaycan-a bildirib ki, Qərbin post-Sovet ölkələrində keçirilən seçkilərlə bağlı qəlibləşmiş bir yanaşması var:
"Bu yanaşma 90-cı illərdən başlayaraq eyni xətt üzrə davam edir. O dövrdə Qərb hesab edirdi ki, keçmiş sovet ölkələrindəki seçki prosesi SSRİ-nin seçki sistemi əsasında həyata keçirilir. Beş-on illik bir dövrdən sonra bu yanaşma başqa istiqamətdə transformasiya edildi və keçmiş sovet ölkələrində keçirilmiş seçkilərin qeyri-şəffaf, beynəlxalq standartlara uyğun gəlmədiyini iddia etməyə başladılar".
Politoloq qeyd edir ki, seçkilərlə bağlı məlumatlar dünyanın heç bir yerində universal seçki prinsipləri olmadığını göstərir:
"ATƏT-in irəli sürdüyü yanaşma ədalətlidirsə, onda ABŞ-da keçirilmiş 2016-cı il və 2020-ci il seçkiləri də ədalətli keçirilməyib. Çünki həmin seçkilərlə bağlı ATƏT-in rəyini oxuyanda elə təssəvvür yaranır ki, sanki seçkilər hansısa geridəqalmış dünya dövlətinin ərazisində keçirilib. ABŞ Dövlət Departmenti ATƏT-in seçki hesabatları ilə belə razıdırsa, gərək 2020-ci il seçkilərində ATƏT-in onlayn səsvermədə saxtakarlıqla, seçki ərəfəsində baş verənlər və nifrət ifadələri ilə bağlı rəyləri ilə razılaşardı. Amma nədənsə həmin dövrdə Dövlət Departamenti seçkilərlə bağlı hesabatı şərh etmədi".
Politoloqun sözlərinə görə, bu gün Azərbaycanda keçirilmiş seçkilərlə bağlı ABŞ Dövlət Departamentinin yanaşması qərəzlidir və bunun kökündə başqa amillər dayanır:
"Əlbəttə seçkilərdə neqativ halların olduğunu inkar etmək ədalətsiz olar. Ancaq edilməli ən önəmli məqamlardan biri odur ki, ATƏT-in seçki prosesinin ürəkaçan olmaması ilə bağlı rəyi təşkilatın seçki monitorinqinin qısa müddətli missiyasının rəhbəri tərəfindən hazırlanıb. Qısa müddətli seçki monitorinq missiyasının üzvləri seçkiyə bir gün, ən yaxşı halda iki gün qalmış ölkəyə gəlir, rəy elan olunan kimi də ölkədən çıxıb gedir. Nəticə etibarilə də ölkədə bir gün olmuş şəxsin seçki plüralizminin olmaması ilə bağlı rəy səsləndirməyə mənəvi haqqı çatmır".
Politoloq bildirib ki, seçki prosesi 60 gün ərzində davam edir. Bu baxımdan belə bir rəy obyektiv deyil, qərəzlidir. Mediaya qadağa ilə bağlı fikirlər də obyektiv sayıla bilməz.
"Artıq sosial platformalar üzərində baş verənlər canlı şəkildə yayılır, KİV-lərə hər hansı qadağanın qoyulması ağlabatan deyil. Bu baxımdan reallığı əks etdirmir. ABŞ və Aİ diplomatlarının yekun rəy olmadığı halda seçki ilə bağlı ilkin fikirləri dəstəkləməsi anti-Azərbaycan demarşının növbəti həmləsidir. ABŞ hesab edirsə ki, ATƏT rəyi ilə hesablaşmaq lazımdır, onda təşkilatın 2020-ci il ABŞ seçkiləri ilə bağlı rəyi ilə də razılaşmaq lazımdır. ABŞ-ın ATƏT-in rəyi ilə kor təbii razılaşması qəbuledilməzdir", - Y.Hacıyeva fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.