BAKI, 5 sentyabr — Sputnik. Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi ilə bağlı hazırlıq tədbirləri davam edir.
Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırlıq çərçivəsində görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə ictimaiyyətə mütəmadi məlumatlar təqdim edilir. Konfransın keçirilməsi üçün dövlət büdcəsində müvafiq ayırmalar təsdiq edilib. Qeyd edək ki, ayrılmış vəsaitlər hesabına dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri olan beynəlxalq konfransın yüksək səviyyədə təşkili və zəruri infrastrukturun qurulması üzrə işlərin aparılması nəzərdə tutulur.
"COP29-a ayrılmış dövlət vəsaiti üzərində maliyyə nəzarətinin həyata keçirilməsi məqsədilə müvafiq dövlət orqanları ilə birlikdə ölkənin ali audit orqanı tərəfindən konfransın təşkili üzrə maliyyə idarəetməsinin, ayrılmış dövlət vəsaitinin təsdiq edilmiş göstəricilərə, bağlanılmış müqavilə məbləğlərinin aidiyyəti istiqamətdə ayrılmış vəsaitə, habelə müqavilələrin icrasının müqavilə şərtlərinə uyğunluğunun, həmçinin müvafiq sənədləşmənin tamlığının qiymətləndirilməsi aparılır. Məqsəd maliyyə nəzarətinin keçirilməsi zamanı pre-auditə (ilkin auditə) dair müvafiq audit pinsiplərində qeyd olunan məqamlar da nəzərə alınmaqla maliyyə pozuntuları baş verməzdən öncə onların qarşısının alınmasıdır", - məlumatda deyilir.
Qeyd olunub ki, eyni zamanda, maliyyə nəzarətinin aparılmasında məqsəd hesabatlılıq və şəffaflıqla yanaşı, tədbirin təşkili üçün ayrılmış vəsaitin səmərəli istifadə olunması və qənaət olunan məbləğlərin büdcəyə qaytarılmasıdır.
O da qeyd olunub ki, tədbir başa çatdıqdan sonra icra olunmuş bütün xərclərin auditi üzrə müvafiq qaydada həm beynəlxalq təşkilat, həm də Hesablama Palatası tərəfindən hesabatın və auditor rəyinin hazırlanması nəzərdə tutulur.
COP29 nədir?
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.
Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib.
Prosesi şəffaf, qərəzsiz və inklüziv şəkildə həyata keçirmək məqsədilə COP29 Sədrliyi ambisiyaların artırılması və fəaliyyətə təkan vermək üçün bir-birini qarşılıqlı şəkildə dəstəkləyən iki istiqamətə əsaslanan plan hazırlayıb.
COP-un nə olduğu, COP prosesi, müzakirə edilən məsələlər və həyata keçirilən çoxtərəfli fəaliyyət barədə daha ətraflı məlumatı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) saytından əldə etmək mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.