Qarabağın dirçəlişi və reinteqrasiyası

Ağdamda belaruslu mütəxəssislərin iştirakı ilə aqrar şəhərciyi yaradılır

İşğaldan azad olunmuş ərazilərin bərpasında Belarus təcrübəsinin tətbiqi ilə mövcud əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyi qeyd olunub.
Sputnik
BAKI, 4 sentyabr — Sputnik. Ağdam rayonunun Qızıl Kəngərli kəndində belaruslu mütəxəssislərin iştirakı ilə aqrar şəhərciyi yaradılır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, bu barədə Komitənin sədri Anar Quliyev Belarusun xarici işlər nazirinin müavini İqor Nazarukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə bildirib.
Görüşdə aqrar şəhərciyin yaradılması ilə bağlı layihə işlərinin icra vəziyyəti müzakirə edilib və layihənin Ağdam rayonunda yaşayış məskənlərinin hərtərəfli inkişafına, kənd ərazilərinin dirçəldilməsinə, bölgənin iqtisadiyyatına təsiri vurğulanıb.
İşğaldan azad olunmuş ərazilərin bərpasında Belarus təcrübəsinin tətbiqi ilə mövcud əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyi qeyd olunub.
Komitə sədri iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini və qabaqcıl təcrübələr əsasında birgə layihələrin icrası üçün geniş imkanların olduğunu vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.