BAKI, 3 sentyabr - Sputnik. Novosibirskdən olan Aleksandr Oşepkovun uşaqları və qocaları xilas etmək üçün həyatını təhlükəyə atan azərbaycanlı Rza Rzayevin təsvir olunduğu foto işi Andrey Stenin adına X Beynəlxalq Fotojurnalistika Müsabiqəsində “Portret. Dövrümüzün Qəhrəmanı” nominasiyasında qalib olub.
Foto "Uşaqlar qorxur, amma mən özüm də atayam axı" adlanır.
Şəkil bu il yanvarın 17-də Novosibirsk şəhərinin Lenin rayonunun Plaxotnı küçəsində kommunal qəza baş verən zaman çəkilib: şiddətli şaxtalar üzündən istilik borusu partlayıb. Qaynar su şırnağının hündürlüyü yeddinci mərtəbəyə çatıb, ətraf yollar isə bir anda od püskürən çaylara çevrilib.
İnsanların köməyinə Parxomenko və Trolleynaya küçələrinin su basmış kəsişməsində keçid tikən fəhlə Rza Rzayev gəlib və onları təxliyə etməyə başlayıb. O, aralarında çoxlu uşaq və qoca olan 20 nəfəri xilas edə bilib.
Novosibirsk sakinləri fəhləyə qeyri-adi hədiyyə vermək qərarına gəliblər. Onun üçün 71,5 min rubl (demək olar ki, 1,4 min manat) toplayıblar ki, Rzayev Azərbaycandakı qohumlarının yanına gedə bilsin. Amma qəhrəman həmin pulları xeyriyyə işlərinə xərcləyib.
Mükafatlandırma mərasimi sentyabrın 3-də Moskvada, Rusiyanın Müasir Tarix Dövlət Muzeyində baş tutub. YUNESKO üzrə Rusiya Federasiyası Komissiyasının himayəsi altında “Rossiya Seqodnya” media qrupu tərəfindən təşkil olunan müsabiqənin məqsədi gənc fotoqraflara dəstək olmaq və ictimaiyyətin diqqətini müasir fotojurnalistikanın çağırışlarına cəlb etməkdir.
Bu, diqqətimizi ətrafımızdakı insanlara və hadisələrə cəlb edən istedadlı, həssas və yeni hər şeyə açıq olan gənc fotoqraflar üçün bir platformadır.
Müsabiqənin Qran Prisinin qalibi Sankt-Peterburqdan olan fotorəssam Anna Plyusnina olub. O, beynəlxalq münsiflər heyəti tərəfindən yekdilliklə autizm pozğunluğu olan uşaqlar və onların yaxınları haqqında “İnsanın gözünə baxmaq” foto seriyasına görə yubiley müsabiqəsinin ən yüksək mükafatına layiq görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.