RUSİYA

Türkiyə Rusiyanın səylərini alqışlayır - XİN

Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 31-də bildirib ki, yaxın gələcəkdə Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması üçün Rusiya-İran-Türkiyə-Suriya formatında görüş baş tutacaq.
Sputnik
BAKI, 3 sentyabr — Sputnik. Ankara Rusiyanın Türkiyə ilə Suriya administrasiyası arasında qarşılıqlı əlaqə yaratmaq səylərini alqışlayır və Dəməşqlə xoşməramlılıq ruhunda ilkin şərt olmadan münasibətlərin normallaşdırılması üçün zəmin hazırlamaqla bağlı öz səylərini davam etdirəcək. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən RİA Novosti-yə məlumat verilib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 31-də bildirib ki, yaxın gələcəkdə Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması üçün Rusiya-İran-Türkiyə-Suriya formatında görüş baş tutacaq.
Nazir xatırladıb ki, tərəflər 2023-cü ildə müdafiə nazirlikləri, xarici işlər nazirlikləri və kəşfiyyat xidmətlərinin iştirakı ilə görüş keçirə bilib, Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşmasına gətirib çıxara biləcək şərtləri müzakirə etməyə çalışıblar.

"Rusiyanın ölkəmizlə Dəməşq administrasiyası arasında qarşılıqlı əlaqə yaratmaq səylərini alqışlayırıq. Biz Suriyada xalqın və cəmiyyətin sülh şəraitində yaşaydığı, real milli barışığa nail olan qonşu görmək istərdik. Suriya xalqının haqlı tələbləri və gözləntiləri çərçivəsində atdığı addımlar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində də öz əksini tapıb", - Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

Bu günlərdə Əsədlə Ərdoğanın mümkün görüşü ilə bağlı məlumatlar ortaya çıxıb. KİV danışıqların Moskvada baş tuta biləcəyini qeyd edib. Avqustun əvvəlində Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Boqdanov Rusiya tərəfinin görüşə ev sahibliyi etməyə hazır olduğunu qeyd edib.
Dörd ölkənin xarici işlər nazirləri 2023-cü il mayın 10-da Moskvada görüşüblər. Onun nəticələrinə əsasən, nazirlər Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi layihəsinin hazırlanmasına göstəriş veriblər.
Lakin daha sonra Suriya prezidenti Bəşər Əsəd Xalq Şurasının (parlamentin) yeni çağırışı qarşısında çıxış edərkən Rusiya, İran və İraqın təmsil olunduğu vasitəçilərin səmimi səylərinə baxmayaraq, bu təşəbbüsdə irəliləyiş olmadığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.