ELM

İstanbulda azərbaycanlı alimə həsr olunan beynəlxalq riyaziyyat konfransı keçirilir

Tədbirdə professor Arif Səlimovun "Tenzor diferensiallama operatorları və lift problemləri" mövzusunda məruzəsi dinlənilib.
Sputnik
BAKI, 3 sentyabr — Sputnik. Türkiyənin İstanbul Aydın Universitetində Bakı Dövlət Universitetinin (BDU) Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Səlimova həsr olunan beynəlxalq riyaziyyat konfransı işə başlayıb.
Universitetdən Sputnik Azərbaycan-a bildirilib ki, sentyabrın 5-dək davam edəcək konfrans Türkiyə Elm və Texnika Komitəsi (TÜBİTAK), BDU, qardaş ölkənin 11 özəl və dövlət universitetinin dəstəyi ilə keçirilir.
Tədbirdə professor Arif Səlimovun "Tenzor diferensiallama operatorları və lift problemləri" mövzusunda məruzəsi dinlənilib.
İstanbulda azərbaycanlı alimə həsr olunan beynəlxalq riyaziyyat konfransı keçirilir
Konfransın Təşkilat Komitəsi azərbaycanlı professora diferensial həndəsə sahəsində əldə etdiyi nailiyyətlərinə görə ISCDFAMS mükafatını təqdim edib.
Daha sonra plenar məruzəçilər Farit Avkhadiev (Kazan Federal Universiteti), Bülent Ünal (Bilkent Universiteti), Ljubisa Kocinac (Serbiya) çıxış ediblər.
Konfrans çərçivəsində 200-dək məruzə dinləniləcək.
Qeyd edək ki, Arif Səlimov Tenzor operatorlar nəzəriyyəsində aldığı fundamental nəticələr və lift nəzəriyyəsində yaratdığı yeni metod ilə diferensial həndəsə sahəsində dünyada tanınmış mütəxəssisdir.
Arif Səlimov 2023-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Riyaziyyat və Mexanika" üzrə Ekspert Şurasının sədridir. Alim həm də Türk Dövlətləri Riyaziyyatçılar Cəmiyyətinin İdarə Heyətinin üzvü seçilib. 2017-ci ildən Bakı Dövlət Universitetinin "Cəbr və Həndəsə" kafedrasının müdiri vəzifəsində çalışır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.