BAKI, 3 sentyabr — Sputnik. Rusiya Federasiyası ilə Monqolustan arasında münasibətlər bütün istiqamətlər üzrə inkişaf edir. Bunu Rusiya prezidenti Vladimir Putin Ulan-Batorda monqolustanlı həmkarı Uxnaqiyn Xurelsux ilə danışıqlar zamanı vurğulayıb.
Rusiya və Monqolustan liderləri arasında danışıqlar Monqolustan paytaxtında Dövlət Sarayının binasındakı yurdda baş tutub.
"Kifayət qədər fəal əməkdaşlıq etdiyimiz iqtisadi və siyasi sahədən əlavə, humanitar sahələrdə, xüsusən də təhsil sahəsində də səmərəli işi qeyd edərdim", - Rusiya prezidenti bildirib.
Putin əlavə edib ki, ikitərəfli hökumətlərarası komissiya fəal işləyir və bu işin nəticələri var.
"Bugünkü işimiz zamanı biz iqtisadiyyatda qarşılıqlı fəaliyyətimizin əsas istiqamətlərinə toxunacağıq", - Rusiya prezidenti qeyd edib.
"İstənilən çətinliklərə, o cümlədən Monqolustan Prezidentinin qeyd etdiyi COVID-19-ə baxmayaraq, biz ticarət əlaqələrinin və dövriyyəsinin artım trayektoriyasına daxil olmuşuq", - Rusiya lideri əlavə edib.
Monqolustan Prezidenti öz növbəsində Putinə səfərə görə minnətdarlığını bildirib.
Monqolustan Prezidenti qeyd edib ki, bu səfər iki ölkənin bir neçə yubileyi, Xalxin-Qol çayında birgə qələbənin 80 illiyi və Erdenet şəhərinin yaradılmasının 50 illiyini qeyd etdiyi bir ildə baş tutur.
Uxnaqiyn Xurelsux vurğulayıb ki, Monqolustan xalqı Moskva və Ulan-Batorun bu tarixləri birgə qeyd etməsini yüksək qiymətləndirir. O, həmçinin Putinə Monqolustanın siyasi sistemindəki son dəyişikliklər barədə məlumat verib və ölkənin sabit siyasi şəraitdə fəaliyyət göstərdiyini qeyd edib.
Putin də öz növbəsində xatırladıb ki, Erdenet leninqradlı memarlar tərəfindən planlaşdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.