BAKI, 3 sentyabr — Sputnik. Yaxın iki həftə ərzində həll yolu tapılmasa, ABŞ Qəzza ilə bağlı danışıqlardan çıxmaq niyyətindədir.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki yüksək rütbəli mənbə "RİA Novosti"yə məlumat verib.
"Atəşkəs danışıqlarında şəxsən iştirak edən Fələstinin HƏMAS hərəkatının rəsmi nümayəndəsi danışıqların gediatı ilə bağlı bir sıra məlumatları Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinə çatdırıb. Bölgədə təhlükəsizliklə bağlı problemlər və qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar olaraq ABŞ həqiqətən atəşkəs razılaşmasına nail olmağa çalışır. Ancaq ABŞ İsrailə heç bir təzyiq göstərmir. ABŞ, danışıqları daha iki həftə davam etdirəcəyini və həll yolu tapılmadığı təqdirdə, danışıqlardan çəkiləcəyini söyləyib. Bu, son dərəcə təhlükəli bir qərardır, çünki biz başlanğıc nöqtəsinə qayıdacağıq", - agentliyin həmsöhbəti bildirib.
7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından misli görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki hədəflərə hücumları əhatə edən Dəmir Qılınclar əməliyyatına başlayıb. İsrail anklavı tam blokadaya aldığını elan edib: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb. İsrailin oktyabrın 7-dən Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 40,6 mini keçib, 94 mindən çox insan isə yaralanıb.
Qəzza zolağı faktiki olaraq cənub və şimal hissələrə bölünüb, İsrail HƏMAS-ın son qalası sayılan Rəfahda quru əməliyyatı keçirir.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Moskvanın mövqeyinə görə, nizamlanma yalnız paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi düstur əsasında mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.