BAKI, 2 sentyabr — Sputnik. Türkiyə BRICS-ə üzv olmaq üçün müraciət edib. Bu barədə Bloomberg mənbələrə istinadən yazır.
Agentlik qeyd edir ki, Türkiyə qlobal təsirini gücləndirmək və ənənəvi Qərb müttəfiqlərindən kənarda yeni əlaqələr qurmaq istəyən BRICS-ə qoşulmaq üçün rəsmi müraciət edib.
Rusiya bu il yanvarın 1-dən BRICS-ə sədrlik edir. İl təşkilata yeni üzvlərin qoşulması ilə başlayıb. Rusiya Federasiyası, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, indi onun tərkibinə Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı daxildir. Rusiyanın BRICS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir. Rusiya Federasiyası sədrliyi çərçivəsində 200-dən çox siyasi, iqtisadi və sosial tədbir təşkil edir.
Xatırladaq ki, Azərbaycan BRICS-ə (BRİKS) daxil olmaq üçün rəsmi müraciət edib.
İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.