BAKI, 2 sentyabr — Sputnik. Ermənistan və Gürcüstanın müdafiə nazirləri Suren Papikyan və İrakli Çikovani sentyabrın 2-də keçirdikləri görüşdə müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırmaq barədə razılığa gəliblər. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətiməlumat yayıb.
Qeyd olunur ki, görüş Papikyanın Gürcüstana rəsmi səfəri çərçivəsində baş tutub.
"Söhbət zamanı nazirlər hərbi təhsil sahəsində təcrübə mübadiləsi sahəsində əməkdaşlığın intensivləşdirilməsi və genişləndirilməsinin vacibliyini qeyd ediblər, həmçinin regionda uzunmüddətli və sabit sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar. Müxtəlif qrupların qarşılıqlı səfərləri vasitəsilə ikitərəfli müdafiə əməkdaşlığının daha da genişləndirilməsi və yeni sahələrin daxil edilməsi imkanlarının araşdırılması barədə razılıq əldə olunub" - mətbuat xidməti bildirib.
Məlumata görə, müdafiə nazirliklərinin rəhbərləri iki ölkə arasında regional təhlükəsizlik sahəsində əməkdaşlığa dair bir sıra məsələləri də müzakirə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.