BAKI, 2 sentyabr — Sputnik. Azərbaycan sülh sazişi üzrə növbəti versiyasını 24 iyun tarixində Ermənistana təqdim edib, rəsmi İrəvan 70 gün sonra öz versiyasını geri qaytarıb.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə keçirilən mətbuat konfransında deyib.
"Ermənistan Baş nazirinin mətbuat konfransında biz həqiqəti əks etdirməyən, təzadlı fikirlər eşitdik. Azərbaycan XİN buna dair rəsmi şərhini həmin gün verib. Sülh sazişinə dair deyilənlərə gəldikdə isə, Azərbaycan bununla bağlı növbəti versiyasını 24 iyun tarixində Ermənistana təqdim edib. Ermənistan isə bundan 70 gün sonra öz versiyasını təqdim edib. Biz ona baxanda gördük ki, əvvəl tərəflərin razılığa gəlmədiyi məqamlar sadəcə olaraq mətndən çıxarılıb. Ermənistanın düşüncəsinə görə bu yolla məsələni həlli etmək olar. Onlar önəmli məqamlara yer ayırmaq istəməyiblər", - o qeyd edib.
C. Bayramov qeyd edib ki, təkliflət paketindəki bütün maddələr çox taleyüklü məsələlər idi: "Ermənistan tərəfi bunlara daha ciddi yanaşmalıdır. Azərbaycan yenidən təkliflər paketi hazırlayıb Ermənistana təqdim edəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.