BAKI, 2 sentyabr — Sputnik. Asiya Parlament Assambleyasının nümayəndələri olaraq seçkilərdə iştirak etməkdən çox məmnunuq. Beynəlxalq müşahidəçi qismində çox vacib missiyamızı yerinə yetirmək üçün lazım olan bütün şəraitin yaradılmasına görə Mərkəzi Seçki Komissiyasına (MSK) təşəkkür edirəm.
Bu sözləri Asiya Parlament Assambleyasının (APA) Baş katibi Məhəmməd Rza Məcidi növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında söyləyib.
O bildirib ki, seçkiləri müşahidə etməkdə məqsəd prosesin qərəzsiz, azad və demokratik prinsiplərə uyğun keçirilməsini izləməkdən ibarət idi. Səsvermə prosesinin tam şəkildə həyata keçirilməsi üçün bütün şərait yaradılmışdı.
"Seçki prosesi zamanı məntəqələrdə seçici fəallığını müşahidə etdik. Müxtəlif seçki məntəqələrini ziyarət etdiyimiz zaman seçicilərin məntəqələrə nizamlı şəkildə gələrək səs verməsinin şahidi olduq. MSK şəffaflığı təmin etmək və seçki bülletenlərinin məxfiliyini qorumaq üçün lazımi tədbirləri görmüşdü. Bu parlament seçkiləri Azərbaycanda seçki prosesinin nə qədər inkişaf etdiyini göstərdi", Baş katib diqqətə çatdırıb.
Türkiyə Böyük Millət Məclisinin üzvü Abdulkadir Emin Önen seçki prosesinin şəffaf və demokratik şəkildə aparıldığını deyib. Bildirib ki, həm Bakı, həm də Bakıətrafı ərazilərdə seçki prosesi sakit şəraitində reallaşdı.
Qeyd edək ki, parlament seçkilərində səsvermənin nəticələri barədə ilkin protokolları Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edən seçki məntəqələrinin sayı açıqlanıb. Respublika üzrə fəaliyyət göstərən 6478 seçki məntəqəsindən 6422-si (99,1 faiz) MSK-ya hesabat verib. Beləliklə, 56 seçki məntəqəsi nəticələrlə bağlı hesabatı Komissiyaya təqdim etməyib.
Parlament seçkiləri ilə bağlı səsvermə prosesi sentyabrın 1-də 8:00-dan 19:00-a qədər həyata keçirilib. 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.