CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələbələr kütləvi şəkildə Bakıətrafına axışır

Elnur Fərzəliyevin sözlərinə görə, 2040-cı ilədək Bakıda kirayə evlərin qiyməti daha da bahalaşacaq.
Sputnik
BAKI, 1 sentyabr — Sputnik. Ali məktəblərə qəbulun nəticələrinin açıqlanması Bakıda kirayə mənzil bazarında canlanma yaradıb. Bunu Sputnik Azərbaycan-a açıqlamasında mənzil bazarı üzrə ekspert Elnur Fərzəliyev deyib. Ekspert bildirib ki, tələbələr daha çox təhsil aldıqları təhsil müəssisələrinə yaxın kirayə evlərə maraq göstərsələr də, bu il şəhərin mərkəzində kirayə mənzillərin qiyməti kəskin bahalaşıb.
Tələbələr Xırdalan və Masazırın ümidinə qalıb
"Artıq ali məktəblərə qəbulun nəticəsi açıqlandığından Bakıda kirayə mənzil bazarında canlanma müşahidə olunur. Amma kirayə mənzillərin qiymətində artım var. Çünki, şəhərin mərkəzi rayonlarında ucuz kirayə evlər çox az saydadır. Köhnə və qəzalı evlər söküldüyündən, yeni inşa olunan evlərdə təklif olunan kirayə mənzillərin qiyməti çox bahadır. Odur ki, tələbələrin çoxu indi Bakıətrafı qəsəbələrdən ev axtarmaq məcburiyyətində qalıblar",-deyə Elnur Fərzəliyev bildirib.
Ekspert deyir ki, bir neçə il öncə kirayə mənzillərin verildiyi köhnə binalarda evlərin qiyməti 65-70 min manat idi. Hazırda həmin ərazilərdə yeni tikilən binalarda mənzillərin satış qiyməti 90-120 min arasında dəyişir: "Bakıda söküntü işlərinin aparılması, köhnə evlərin sökülməsi ucuz kirayə mənzillərin bazardan çıxması ilə nəticələnir. Paytatxda sökülən evlərin yerində inşa olunan evlərdə kirayə qiymətləri iki dəfə bahadır. Əgər əvvəl köhnə binalarda aylıq kirayə haqqı 300-350 manat idisə, hazırda qiymət 600-1500 manat arasında dəyişir. Ona görə də, tələbələr məcbur qalıb Bakıətrafına üz tuturlar. Yasamal, Nəsimi, Nərimanov, Səbail rayonlarında kirayə evlərin bahalaşması tələbələrin kütləvi şəkildə Bakıətrafına yönəlməsinə səbəb olur. Tələbələr vaxt itkisi olsa da, ucuz ev kirayələmək üçün Xırdalan, Masazır istiqamətinə üz tuturlar".
16 ilə vəziyyət daha da pisləşəcək
Elnur Fərzəliyev
E. Fərzəliyevin sözlərinə görə, 2040-cı ilədək Bakıda kirayə evlərin qiyməti daha da bahalaşacaq.
"2040 cı ilədək Bakının Baş Planı hazır olmaldır. O vaxta qədər Bakıda köhnə və qəzalı evlərin demək olar ki, hamısı söküləcək. Bu da tələbələrin ucuz kirayə mənzillərə əlçatanlığını daha da azaldır. Ona görə də, çıxış yolu ancaq tələbə yataqxanalarının tikilməsidir. Məcburi köçkünlər öz doğma torpaqlarına köçürüldükcə, köhnə tələbə yataqxanaları sökülüb yerində yeniləri inşa olunmalıdır", -deyə ekspert bildirib.
"Universitetə yaxın ev axtarırıq, makler bizi Həzi Aslanova aparır"
Tələbə yataqxanalarının olmaması övladı valideyn olanların sevincini gözündə qoyub. Paytaxt sakini Lalə Mehralı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dörd yaxın qohumu olan tələbə qıza Bakıda metroya yaxın ərazilərdə kirayə ev axtarsalar da, münasib qiymətə və normal şəraitli ev tapa bilmirlər. Həmsöhbətimiz deyir ki, relitorlara müraciət edərəkmetronun Elmlər Akademiyası ətrafında kirayə ev axtarsalar da, maklerlər onları metronun Həzi Aslanov və digər uzaq ərazilərindəki metro çıxışlarında olan evlərə yönəldirlər. Səbəb şəhərin mərkəzində tələbələr üçün əlverişli qiymətə evlərin olmamasıdır. L.Mehralı rayonlardan bakıya ali təhsil almaq üçün gələn tələbələrin əksəriyyətinin universitetlərə yaxın ərazilərdə sərfəli qiymətə ev tapa bilmədiyini söyləyib. O, ali məktəblərin yaxınlığında yerləşən məcburi köçkünlərin köçürüldüyü tələbə yataqxanaların boş qaldığını, tələbələrin isə kirayə ev axtardığını bildirib.
Kirayə mənzillərin qiyməti niyə kəskin bahalaşıb?
Relitor Seyfullah Qasımov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakının mərkəzi ərazilərində evlərin qiymətinin bahalaşmasının səbəbi təkcə söküntü işlərinin aparılması deyil. O, bildirib ki, son illər Rusiya və Ukraynadan miqrant axını kirayə evlərə təlabatı artırıb. S. Qasımov hazırda metronun Elmlər Akademiyası istiqamətində kirayə evlərin qiymətinin 750-1800 manat arasında dəyişdiyini söyləyib. Bildirib ki, ötən il 400 manata bu ərazidə köhnə binada ev tapmaq mümkün idisə, hazırda evlərin qiyməti 650-700 manatdan başlayır.
"Tələbələr bir neçə otaqlı ev axtarırlar ki, kirayə haqqı az ödəsinlər. Böyük sahəsi olan mənzillər yeni tikililərdədir. Onların isə aylıq kirayə haqqı minimum 1200-1500 manatdır. Bu qiymət də tələbələrə sərf etmir. Ona görə də, maklerlər tələbələri Bakıətrafında evlərə yönəldirlər. Artıq "Sovetski"də, Yasamalda kirayə haqqı 150-200 manata olan ucuz həyət evləri yoxdur"deyə həmsöhbətimiz bildirib.