BAKI, 31 avqust — Sputnik. “Türkiyə tərəfi qoşunlarını Suriyadan çıxarılmasını müzakirə etməyə hazırdır, lakin hələlik bu prosesin konkret parametrləri ilə bağlı razılığa gəlmək mümkün olmayıb.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Türklər buna hazırdır, lakin hələlik konkret parametrlər razılaşdırılmayıb. Söhbət qaçqınların geri qaytarılmasından, Türkiyə hərbçilərinin mövcudluğunu lüzumsuz edəcək terror təhlükəsinin qarşısının alınması üçün zəruri tədbirlərdən gedir” - Lavrov bildirib.
Onun sözlərinə görə, Suriya hökuməti hesab edir ki, İstanbulla münasibətləri normallaşdırmaq üçün Türkiyə kontingentinin Suriyadan yekun olaraq çıxarılması prosedurunu dəqiq müəyyənləşdirmək lazımdır.
Nazir əlavə edib ki, Rusiya, Türkiyə, Suriya və İran yaxın gələcəkdə Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün növbəti görüş keçirəcək.
12.08.24, 22:39
Türkiyə qoşunlarını Suriyadan çıxara bilər - Yaşar Gülər şərtləri açıqladı
Türkiyənin müdafiə naziri Yaşar Gülər ölkəsinin qoşunlarının Suriyadan çıxarılması üçün şərtləri açıqlayıb. Nazir bildirib ki, bunun mümkünlüyü Suriya üçün yeni konstitusiyanın qəbulu və ümumi sərhədin təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır.
"Biz konstitusiyanın qəbulu, azad seçkilərin keçirilməsi, hərtərəfli normallaşma və təhlükəsizlik mühitinin yaradılması üçün hər cür dəstəyi verməyə hazırıq. Yalnız bu həyata keçirildikdə və sərhədimizin təhlükəsizliyi tam təmin edildikdə, biz hər şeyi edəcəyik" - nazir Reuters-ə verdiyi yazılı müsahibədə deyib.
2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayıb. Münaqişədən əvvəl Dəməşqlə sıx əlaqələr saxlayan Türkiyə Suriya prezidenti Bəşər Əsədin əleyhdarlarının yanında yer alıb. Bu yay iki ölkə arasında münasibətlərin normallaşması kursu intensivləşib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, xarici işlər naziri Hakan Fidan və həmkarları Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması, Türkiyə və Suriya liderləri arasında danışıqların üçüncü ölkədə həyata keçirilməsi planını müəyyənləşdirirlər. Suriya Xarici İşlər Nazirliyi buna cavab olaraq bildirib ki, Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşması 2011-ci ildən əvvəl mövcud olan vəziyyətə qayıtmağa əsaslanmalıdır. Əsəd özü bildirib ki, Suriyanın milli maraqlarına cavab verərsə, türkiyəli həmkarı ilə görüşə hazırdır.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov Moskvanın Türkiyə və Suriya prezidentləri arasında görüş təşkil etməyə hazır olduğunu açıqlayıb, lakin onun sözlərinə görə, bunun üçün ciddi hazırlıq lazımdır.