CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sayğacları yoxlayanlarla bağlı tələblər sərtləşdirilir

Qaydalara görə, yoxlayıcı qismində fəaliyyət göstərən fiziki şəxslərə ali və ya orta ixtisas təhsili olmalı, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində iş stajı olmalıdır.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Sayğacları yoxlayanlarla bağlı tələblər sərtləşdirilir. Azərbaycanda ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin fəaliyyətinə dair yeni qaydalar təsdiq edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli, 394 nömrəli qərarı ilə təsdiq edilmiş "Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər"ə əsasən, ölçmə vasitələrinin yoxlanılması Dövlət Xidməti tərəfindən müəyyən edilmiş qaydada attestasiya olunmuş fiziki şəxslər tərəfindən həyata keçirilir.
"Bu məqsədlə, Dövlət Xidməti "Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları"nı təsdiq edib. Qaydalara əsasən, ölçmə vasitələrinin yoxlanılması ilə məşğul olan fiziki şəxslər və bu sahədə akkreditasiya olunmuş qurumların yoxlayıcı qismində fəaliyyət göstərən əməkdaşları attestasiya olunmaq üçün Dövlət Xidmətinə müraciət etməlidirlər", məlumatda deyilir.
Qeyd olunur ki, Qaydalara görə, yoxlayıcı qismində fəaliyyət göstərən fiziki şəxslərə (yoxlayıcılara) aşağıdakı tələblər qoyulur:
Ali və ya orta ixtisas təhsili olması;
Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində iş stajı;
Texniki sahələrdə ali təhsilli namizəd üçün sahədə ən azı 6 ay, metrologiya ixtisası üzrə ali təhsilli namizəd üçün ən azı 3 ay staj;
Digər sahələrdə ali və ya orta ixtisas təhsilli namizəd üçün sahədə ən azı 2 il iş stajı;
Peşə təhsili müəssisəsində və ya ixtisasartırma kursunda iştirakı olması (əgər varsa);
Attestasiya olunmaq üçün müraciətdə qeyd edilmiş ölçmə növü üzrə attestasiya olunmuş digər yoxlayıcı ilə ən azı 5 müxtəlif tipdə ölçmə vasitəsini yoxlamaq şərtilə ən azı 5 iş günü müddətində təcrübə keçdiyini təsdiq edən sənəd.
Qeyd olunub ki, attestasiyadan keçmiş yoxlayıcılara Dövlət Xidməti tərəfindən 5 il müddətində etibarlı olan attestat verilir.
Xatırladaq ki, bir müddət öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və "Azərişıq" ASC arasında müqavilə imzalanıb.
Sənədə əsasən, "Azərişığ"ın "Sayğacların test-təmir laboratoriyası"nın idarə edilməsini AzMİ həyata keçirəcək. Müqavilənin sentyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub. Göstərilən tarixdən etibarən elektrik sayğaclarına metroloji xidməti AzMİ təmin edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.