BAKI, 30 avqust — Sputnik. "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanuna əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir.
AMB-dən bildirilib ki, bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 2024-cü il 17 iyul tarixli Qərarı ilə "Qoldenpey" ASC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.
Qeyd edək ki, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.
Xatırladaq ki, elektron pullar, kağız və ya metal kimi fiziki əşyalar əvəzinə kompüter fayllarında saxlanılan, qabaqcıl təhlükəsizlik sistemləri və şifrələrlə qorunduğu üçün rəqəmsal mühitdə istifadə asanlığını təmin edən, dəyəri müəyyən edilən pul növüdür. Hətta bu pulların gələcəkdə fiziki pulları tam əvəz edəcəyi iddia edilir. Çeviklik, sürət və təhlükəsizlik baxımından çox faydalı olsa da, bu sistemlə alış-veriş etmək diqqətli və informasiyalı olmağı tələb edir.
Mütəxəssislər bildirirlər ki, bu gün kartdan karta, internetdən hesablara və buna bənzər digər manat ödənişləri elektron pul əməliyyatı deyil. Bu milli valyutada olan nağdsız ödənişlərdir. Qanunverciliklə göstərilib ki, Azərbaycanda elektron pulu yalnız banklar və xarici bankların yerli filialları, poçt rabitəsinin milli operatoru, elektron pul təşkilatları dövriyyəyə buraxa bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.