BAKI, 30 avqust — Sputnik. "Növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin nəticələrin operativ elan olunmasını təmin edəcəyik". "Seçki 2024" Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib.
MSK sədri qeyd edib ki, indiyədək bütün seçkilərdə ilkin nəticələrin operativ elan olunması təmin edilib.
Məzahir Pənahov
© Sputnik / Murad Orujov
"Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində də bu operativlik qorunacaq. İlkin nəticələrin sentyabrın 1-i gecə çatdırılmasını təmin edəcəyik. İki gün ərzində isə bizə dairələrdən protokollar veriləcək. Bu isə yekun nəticələr hesab olunacaq", - Məzahir Pənahov əlavə edib.
Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.