İQTİSADİYYAT

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi necə artacaq? Ekspertlər detalları açıqladı

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 9,57 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi artır. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz və ya 127,5 milyon dollar çoxdur. Ötən dövründə Azərbaycanın Rusiyadan idxalı 10,6 faiz artaraq 1,9 milyard dollara çatıb.
Hesabat dövründə Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdə qərarlaşıb. Belə ki, cari ilin yanvar-iyul aylarında Azərbaycandan Rusiyaya 641 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Azərbaycandan Rusiyaya əsasən meyvə-tərəvəz, meyvə şirələri və digər məhsullar ixrac edilib. 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 9,57 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
"Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi daha da artacaq"
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi illər üzrə durmadan artır: "Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında mütəmadi görüşlər, yeni sərhəd-buraxılış məntəqələrinin inşası, kənd təsərrüfatı məhsullarının daşınması üçün şəraitin yaradılması, yeni sənədlərin imzalanması ticarət dövriyyəsinin daha da artmasına gətirib çıxardacaq. Azərbaycanın aqrar məhsulları ən çox Rusiya bazarına göndərilir. Sahibkarlarımız Rusiya bazarına daha çox üstünlük verirlər. Hazırda ticarət üçün yeni imkanların yaradılmasına səylər göstərilir. Ona görə də növbəti dövrlərdə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi daha da artacaq və bunun üçün müvafiq şərait mövcuddur".
İqtisadçı-ekspert Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 5 milyard dollara çatdırıla bilər və bunun üçün potensial var: "Xüsusən də Rusiyanın Avropa İttifaqı ilə ticarət əlaqələrinin məhdudlaşdırılması bu ölkənin digər bazarlara yönəlməsinə gətirib çıxardır. Azərbaycanın Rusiya ilə idxal-ixrac əməliyyatlarının artırılması hər iki ölkənin maraqlarına uyğundur".
Prezident: "Əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir"
Qeyd edək ki, Azərbaycanda dövlət səfərində olan Rusiya Prezidenti Vladimir Putinin avqustun 19-da rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, biz iqtisadi-ticari münasibətlərlə bağlı məsələləri detallı şəkildə təhlil etdik. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il biz 4 milyard dollar həddini adladıq və bunun son hədd olmadığı barədə fikir mübadiləsi apardıq.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, danışıqlarda qarşılıqlı faydalı iqtisadi-ticari əməkdaşlığın inkişafına diqqət yetirildi. Bu, qanunauyğundur, çünki Rusiya və Azərbaycan bir-biri üçün mühüm iqtisadi tərəfdaşlardır. Azərbaycan iqtisadiyyatına 4 milyarddan çox birbaşa investisiyalar qoyulub. Əlbəttə, Azərbaycan bazarındakı 1300 müəssisə ondan xəbər verir ki, bizdə fəaliyyət müsbət istiqamətdə inkişaf edir və yaxşı perspektivlərə malikdir.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 17,5 faiz artaraq 4,3 milyard dollara çatıb. Ötən il Azərbaycanın Rusiyaya ixracı 22,7 faiz artaraq 1,2 milyard dollar təşkil edib. Rusiya məhsullarının Azərbaycana tədarükü 15,6 faiz artaraq 3,2 milyard dollar olub.
İQTİSADİYYAT
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb