TƏHSİL

Məktəblilərə yeni qadağalar: Mobil telefon və digər elektron cihazlardan istifadə olmaz

Xüsusi hallarda isə dərsin mövzusundan və fənn müəlliminin tələbindən asılı olaraq tədris olunan mövzunun daha yaxşı mənimsənilməsi, interaktiv metodların tətbiqi üçün ağıllı elektron cihazlardan istifadə edilə bilər.
Sputnik
BAKI, 29 avqust — Sputnik. Məktəblərdə şagirdlərə mobil telefon istifadəsinə icazə verilmir! "Xüsusi hallar istisna olmaqla ümumi təhsil müəssisələrində dərs prosesi zamanı ağıllı telefonlar, ağıllı saatlar, planşetlər və digər qurğuların istifadəsi tövsiyə edilmir".
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-ın müvafiq sorğusuna cavabda bildirilib.
Qeyd olunur ki, xüsusi hallarda dərsin mövzusundan və fənn müəlliminin tələbindən asılı olaraq tədris olunan mövzunun daha yaxşı mənimsənilməsi, interaktiv metodların tətbiqi üçün ağıllı elektron cihazlardan istifadə edilə bilər.
"Həmin qaydaların tələblərinə əsasən, təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla ağıllı telefon və digər cihazlardan istifadə etməsi qadağan edilir. Müasir dövrdə həyatın bütün sahələrində olduğu kimi, təhsili də çağdaş texnologiyaların, xüsusi ilə internetin təsir dairəsinin xaricində təsəvvür etmək mümkün deyil. Artıq orta məktəblərdə ən aşağı siniflərdən etibarən tədris prosesində internetin imkanlarından istifadə olunur. Lakin bu zaman da, ümumi təhsil müəssisələrinin internetə çıxışını təmin edən müvafiq provayderlər tərəfindən xüsusi onlayn süzgəcləmə sistemi tətbiq edilir ki, bu da internet istifadəçilərinin uyğun hesab olunmayan sayt və məlumatlara əlçatanlılığının qarşısını alır"- sorğuya cavabda bildirilib.
Xatırladaq ki, 2022-ci ildə hazırlanan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" sənədində bir sıra qadağalar nəzərdə tutulub. Həmin layihəyə görə, şagirdlər məktəbə ağıllı saat, digər elektron cihazlar, mobil telefon gətirə, amma dərs zamanı onlardan istifadə edə bilməzlər.
Qurumdan bildirib ki, ötən tədris ilindən etibarən ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisələrində pilot olaraq tətbiq edilən şagird davranış qaydalarının əhatə dairəsi genişləndirilərək bu tədris ilindən 1000-ə yaxın ümumtəhsil müəssisəsində tətbiqi nəzərdə tutulur.
Məktəblərdə pilot tətbiqi üçün nəzərdə tutulmuş qaydalara görə, şagirdlər hər bir fənn üzrə dərslərin 96 faizdən çoxunda iştirak etməlidirlər. Buraxılmış dərs saatları üçün valideyn tərəfindən məktəbə yazılı izahat və tibbi arayış təqdim olunmalıdır.
Şagirdlər dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal ilə dərsə gələ bilməzlər.
Qaydalarda birmənalı qarşılanmayan məqamlar da yer alıb. Belə ki, şagirdlər tədris binasının koridorlarında qaçmamalı, dəhliz və pilləkənlərin sağ tərəfi ilə hərəkət etməlidirlər. Məktəb daxilində yüksək səslə danışmamalıdırlar.
Məlumat üçün onu da bildirək ki, bu günlərdə Belçika məktəblərində mobil telefon qadağan edilib. Qadağa ibtidai və orta məktəblərə şamil edilir. Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq şagirdlərin mobil telefondan istifadəsinə də qadağa qoyulub. Qadağa təkcə dərs deyil, tənəffüs vaxtına da aiddir. Yeni qaydanı valideynlər təqdir etsələr də, şagirdlərin ürəyincə deyil. Pedaqoqların fikrincə şagirdlərin böyük əksəriyyətinin imtahanlarda pis nəticə göstərməsinə səbəb mobil telefon asılılığıdır.
15.09.23, 09:38
Məktəblərdə şagirdlərin mobil telefondan istifadəsinə qadağa qoyulacaqmı?
"Şagirdlərin məktəbə telefon gətirməsinə məhdudiyyət qoyulmasa da, istənilən texnologiyadan istifadə heç bir halda tədrisə mane olmamalıdır". Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Bakı Şəhər Təhsil İdarəsindən verilən cavabda deyilir.
İdarədən bildirilib ki, məktəbdə şagirdlərin telefondan istifadəsi ilə bağlı məsələ "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" və məktəbin daxili nizam-intizam qaydaları çərçivəsində tənzimlənir.
Şagirdlər məktəbə telefon apara bilərmi?
Cavabda qeyd olunub ki, şagirdlərin məktəbdə nizam-intizam və davranış qaydalarına əməl etməsinə təhsil müəssisələrinin rəhbərliyi və müəllimlər tərəfindən nəzarət olunur. Məktəbin daxili nizam-intizamının təmin olunmasına məsuliyyət daşıyan məktəb rəhbəri şagirdlərin məktəbdə telefondan istifadəsi məsələsinin tənzimlənməsilə bağlı bu və ya digər qərarı verməkdə müstəqildir.

"Təhsil müəssisələrində zərurət olduğu təqdirdə, araşdırma və tədqiqat aparmaq məqsədilə mobil texnologiyalardan – mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər. Təbii ki, bütün bunlar təhsilalanların müvafiq tədris proqramlarını daha yaxşı mənimsəməsinə, faydalı informasiyaların əldə olunmasına və ya şagirdlərin ümumi dünyagörüşünün inkişafı məqsədlərinə xidmət etməlidir", - deyə qurumun cavabında qeyd olunur.

O da bildirilir ki, şagirdlərin məktəbə telefon gətirməsinə məhdudiyyət qoyulmasa da, istənilən texnologiyadan istifadə heç bir halda tədrisə mane olmamalıdır.

"Maarifləndirici görüşlərdə valideynlərin də ümumi rəyi ondan ibarətdir ki, istər telefon, istərsə də digər texnoloji vasitələr yalnız məktəblilərin hərtərəfli inkişafına xidmət etməli və müvafiq hallarda dərsdənkənar əlaqə vasitəsi kimi istifadə olunmalıdır".

Türkiyədə şagirdlərə məktəbə telefon gətirmək qadağan olundu!
Bir müddət əvvəl Türkiyədə məktəbə telefonla gəlmək qadağan olunub. Bu barədə ölkənin milli təhsil naziri Yusuf Tekin elan edib. Onun sözlərinə görə, şagirdlər telefonlarını dərsə girməzdən əvvəl təslim edəcəklər.

"Müəllimlərimizi narahat edən nizam-intizam tədbirləri və şəxsi həyatın toxunulmazlığı ilə bağlı problemləri həll etmək üçün cib telefonları ilə bağlı tənzimləmələr etdik", – deyə o bildirib.

Qurum rəhbəri müəllimlərin də pis nümunə olmamaq üçün sinfə telefonla girməyəcəklərini vurğulayıb.
Nazirdən məktəblərdə mobil telefon istifadəsi ilə bağlı açıqlama
Azərbaycanda isə məktəbə telefon gətirilməsini qadağan edən hüquqi norma yoxdur. Bu günlərdə bu məsələyə aydınlıq gətirən Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bu məsələ məktəbin daxili qaydaları çərçivəsində tənzimlənə bilər:

"Lakin bu tip məsələlər nəzərdən keçirilir. Bəzi məktəblərdə telefondan istifadə məsələsi pilot qaydada yoxlanılır və bununla bağlı konkret qaydalar müəyyənləşdirilə bilər. Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür".

Təhsil naziri Emin Əmrullayev
Nazir bildirib ki, şagird məktəbə telefon gətirə bilər. Sadəcə şagird həmin telefondan dərs prosesində istifadə etməməlidir.

"Dərsi pozan şagird bəzən telefon olmadan da dərsi pozur", - deyə E.Əmrullayev qeyd edib.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, orta məktəb şagirdinə mobil telefon yalnız valideynləri ilə əlaqə saxlamaq üçün vacibdir:
"Təklif edirəm ki, bunun üçün orta məktəblərin girişində turniketlər quraşdırılsın. Əl izi, yaxud hansısa vasitə ilə şagirdlərin məktəbə daxil olması həyata keçirilsə, valideynlər də bundan xəbərdar olar. Həmçinin, məktəblərin girişində böyük şkaflar yerləşdirib, hər bir şagirdə nömrə vermək, dərs vaxtı elektron vasitələrini, mobil telefonlarını orada saxlamağa şərait yaratmaq olar".
Ekspertin sözlərinə görə, ölkəmizin təhsil müəssisələri elektron resurslardan istifadəyə görə dünyanın bir sıra aparıcı ölkələri ilə müqayisədə geridə qalır:

"Hər bir orta məktəb şagirdi tədris ilində minimum 11 fənn oxuyur, onların kitablarını əldə edir. Halbuki sosial şəbəkələrdə qeydiyyatdan keçən şagirdlərin sayı faydalı elektron resurslardan, dərsliklərdən istifadə edənlərdən qat-qat çoxdur. Ona görə, orta ümumtəhsil müəssisələrində yaşanan bəzi xoşagəlməz hadisələr də telefonun gətirdiyi nəticələrdir. Bütün bunları nəzərə alaraq, orta məktəblərdə mobil telefon istifadəsinin qadağan olunması məqsədəuyğundur".

Kamran Əsədov
Məktəb direktorlarının qərarından asılıdır
K.Əsədov onu da bildirib ki, məktəbin daxili nizam-intizamının təmin olunmasına birbaşa məsuliyyət daşıyan məktəb rəhbəri şagirdlərin məktəbdə telefondan istifadəsi məsələsinin tənzimlənməsi ilə bağlı bu və ya digər qərarı verməkdə müstəqildir. Qüvvədə olan qanunvericiliyə görə, təhsil müəssisələrində zərurət olduğu təqdirdə, yalnız araşdırma və hər hansı müvafiq tətqiqat aparmaq məqsədilə mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər:

"Elektron vasitələr, mobil telefonlar şagirdlərin dərsə diqqətinin yayınmasına gətirib çıxarır. Ona görə, hətta müəllimlərin belə mobil telefonla dərsə daxil olmasını məhdudlaşdırmaq lazımdır. Çünki, dərs zamanı müəllimə zəng gəlir, o bayıra çıxdıqda dərsin gedişatı pozulur. Ümumiyyətlə, tədris prosesinin gedişatını pozan vasitələrin orta məktəblərdə səmərəsiz istifadəsinə yol verməmək lazımdır. Amma elektron lövhələr, dərs izah etmək üçün istifadə edilən cihazlar, tədris prosesində faydalı məlumatlar almaq üçün işlədilən vasitələr məktəblərdə ola bilər. Sadəcə, elektron dərsliklər istifadə olunmadığına görə, orta məktəblərdə mobil telefon qadağasını gündəmə gətirmək doğru olar".

Dünyanın əksər ölkələri şagirdlərə məktəbdə telefondan istifadəni qadağan edib
Ekspert onu da vurğulayıb ki, dünya ölkələrində də bu qaydadan istifadə olunur. Belə ki, Fransa parlamenti ölkədə cari tədris ilində 15 yaşından aşağı olan şagirdlərə məktəb ərazisində telefondan istifadəni qadağan edib. Fransa ilə yanaşı Avropanın 4 dövləti və ABŞ-ın 13 ştatında məktəb ərazisində telefondan istifadə qadağan edilib:
"Hesab edirəm ki, ölkəmizdə belə bir qadağanın tətbiq olunması yalnız təhsilin keyfiyyətinə müsbət təsir edə bilər. Orta ümumtəhsil müəssisələrində mobil rabitə vasitələrinin istifadəsinin qadağan olunması təhsilin keyfiyyətinə kömək edəcək. Təkcə şagirdlərin deyil, məktəb daxilində müəllimlərin də bundan istifadəsinə məhdudiyyət qoymaq lazımdır. Çünki dərsin gedişində müəllimə zəng gəlir və dərs pozulur, keyfiyyət aşağı düşür.
Mobil telefonlar dərsi pozur, şagirdin diqqətini yayındırır
"Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Türkiyədə məktəblərdə şagirdlərin mobil telefondan istifadə etməsinə qadağanın qoyulması doğru qərardır. İ.Orucovun sözlərinə görə, Azərbaycanda da bu məsələ zaman-zaman gündəmə gəlsə də, qəti qərar qəbul edilməyib.

"Türkiyədəki bu təcrübəni Azərbaycanda da tətbiq etmək lazımdır. Smartfonlardan şagirdlərin məktəbdə istifadəsi həm xoşagəlməz hadisələrlə nəticələnir, həm də şagirdlərin diqqətini yayındırır. Üzərində mobil telefon olan şagirdin istər-istəməz fikri yayınır. Məktəb yaşlı uşaqlar bəzən özünü təsdiq etmək üçün hər hansı neqativ halı çəkib yaymaqdan zövq alırlar. Kifayət qədər belə hallar baş verib. Bu da onların tərbiyəsini pozur. Mobil telefonlarda süzgəc olmadığından hər hansı informasiyanı almağa qadağa qoymaq olmur. Bu isə şagirdin tərbiyəsinə mənfi təsir göstərir. Ona görə də, ən azından məktəblərdə şagirdlərin mobil telefondan istifadə etməsinə qadağa qoyulmalıdır. Bu onların davranışlarına təsir baxımından da vacibdir".

İlqar Orucov
Yeni qaydalar bu ildən bütün məktəblərdə tətbiq olunacaq!
Xatırladaq ki, ötən il hazırlanan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" sənədində bir sıra qadağalar nəzərdə tutuıub. Həmin layihəyə görə, şagirdlər məktəbə ağıllı saat, digər elektron cihazlar, mobil telefon gətirə, amma dərs zamanı onlardan istifadə edə bilməzlər.
Belə ki, məktəblərdə pilot tətbiqi üçün nəzərdə tutulmuş qaydalara görə, şagirdlər hər bir fənn üzrə dərslərin 96 faizdən çoxunda iştirak etməlidirlər. Buraxılmış dərs saatları üçün valideyn tərəfindən məktəbə yazılı izahat və tibbi arayış təqdim olunmalıdır. Şagirdlər dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal ilə dərsə gələ bilməzlər. Qaydalarda birmənalı qarşılanmayan məqamlar da yer alıb. Belə ki, şagirdlər tədris binasının koridorlarında qaçmamalı, dəhliz və pilləkənlərin sağ tərəfi ilə hərəkət etməlidirlər. Məktəb daxilində yüksək səslə danışmamalıdırlar.
Ötən tədris ilində, şagird davranış qaydaları Respublikanın 300 məktəbi Bakının 62 məktəbi qoşulub. Məlumat üçün onu da əlavə edək ki, ötən ilin oktyabr ayından başlayaraq "Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları" layihəsinin ictimaiyyət nümayəndələri ilə geniş müzakirəsi təşkil edilib. Layihə sənədi Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, Daxili İşlər Nazirliyi, UNICEF, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, qeyri-hökumət təşkilatları və təhsil ictimaiyyəti nümayəndələrinin, o cümlədən ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, psixoloqlar, həmçinin valideynlərlə görüşlərdə keçirilən müzakirələr nəticəsində daha da təkmilləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.