İQTİSADİYYAT

Ekstremal hava hadisələrinin artması kənd təsərrüfatına əhəmiyyətli təsir göstərir - ETSN

Qlobal iqlim dəyişikliklərinin təsiri nəticəsində son illərdə ölkənin su ehtiyatlarının 15 faizdən çox azalması müşahidə olunur. Təəssüf ki, növbəti illərdə də proqnozlar daha da kəskindir və azalma davam edəcək.
Sputnik
BAKI, 28 avqust — Sputnik. Son illər iqlim dəyişikliklərinin mənfi təsirləri qlobal şəkildə özünü göstərməklə müxtəlif sektorların, o cümlədən kənd təsərrüfatı sahəsinin inkişafında ciddi çətinliklər yaratmaqdadır. İqlim dəyişiklikləri nəticəsində ekstremal hava hadisələrinin sayının və başvermə tezliyinin artması kənd təsərrüfatı sahəsinə əhəmiyyətli təsir göstərir. Kənd təsərrüfatı istehsalının birbaşa iqlim şərtlərinə bağlı olması onu iqlim dəyişiklikləri qarşısında ən həssas sektor halına gətirib.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Su idarəetmə sistemlərinin iqlimə dayanıqlı kənd təsərrüfatında rolu: COP29 dəyirmi masa müzakirələri" mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov
Nazir müavini bildirib ki, qlobal iqlim dəyişmələri və antropogen amillərin təsiri nəticəsində əkinə yararlı torpaqlar deqradasiyaya uğrayır, şirin su ehtiyatları azalır:
"Baş verən iqlim dəyişikliklərinin kənd təsərrüfatı sektoruna mənfi təsir etməsi ilə bərabər kənd təsərrüfatı fəaliyyətləri də öz növbəsində iqlim dəyişikliklərinə səbəb olan amillər içərisində yer almaqdadır. Qlobal miqyasda atılan istixana qazlarının 20 faizdən çoxunun kənd təsərrüfatı fəaliyyətinin nəticəsi olduğu bəllidir".
Onun sözlərinə görə, iqlim dəyişikliyi problemləri ölkəmiz üçün çox aktual olmaqla ölkənin əsas prioritet və strategiyalarında da öz əksini tapmaqdadır. Qlobal iqlim dəyişikliklərinin təsiri nəticəsində son illərdə ölkənin su ehtiyatlarının 15 faizdən çox azalması müşahidə olunur.
"Təəssüf ki, növbəti illərdə də proqnozlar daha da kəskindir və azalma davam edəcək. Həmin dəyişikliklər həm kənd təsərrüfatı bitkilərinə, həm də heyvandarlığa təsir göstərir. Bu baxımdan bitkiçilik və heyvandarlıq sahəsi üzrə iqlim dəyişikliklərinə uyğunlaşma məqsədilə konkret fəaliyyətlər həyata keçirilməlidir", - Vüqar Kərimov vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.