AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan və Rusiya liderləri arasında telefon danışığı olub

Dövlət başçıları Rusiya Prezidentinin Azərbaycana son dövlət səfərinin uğurlu nəticələrindən məmnunluq ifadə ediblər.
Sputnik
BAKI, 28 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti xəbər verir.

"Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-Ermənistan sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə ediblər. Dövlət başçıları Rusiya Prezidentinin Azərbaycana son dövlət səfərinin uğurlu nəticələrindən məmnunluq ifadə ediblər. Onlar bu səfərin Rusiya-Azərbaycan müttəfiqlik və tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə töhfə verəcəyini bildiriblər", - məlumatda deyilir.

Qeyd olunur ki, Rusiya tərəfi müvafiq qarşılıqlı məqbul həllərin işlənib hazırlanmasında Bakı və İrəvana hər cür yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib. Liderlər şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.
Xatırladaq ki, avqustun 18-də Azərbaycana iki günlük dövlət səfəri çərçivəsində Rusiya prezidenti qeyd edib ki, ölkəsi Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına kömək etməyə hazırdır.

"Vurğulamaq istərdim ki, Rusiya Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşmasına və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi məlum üçtərəfli razılaşmalar əsasında sülh müqaviləsinin bağlanmasına bundan sonra da hər cür töhfə verəcək. Biz həmçinin Sovet İttifaqı dövründən qalma müvafiq sənədlərimiz olduğunu nəzərə alaraq sərhədin delimitasiyası və demarkasiyasını asanlaşdırmağa hazırıq", - Putin bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.