BAKI, 28 avqust — Sputnik. Dünya bazarında Azərbaycan nefti kəskin bahalaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,89 dollar və ya 3,58 faiz artaraq 83,76 dollar olub. Yaxın Şərqdəki gərginlik və Liviyada neft tədarükünün kəsilməsi neftin bahalaşmasına səbəb olub.
"Brent" nefti 0,5% artaraq 79,92 dollar, Qərbi Texas nefti 0,5% artaraq 75,92 dollar olub.
Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üçün tələb proqnozunu aşağı salıb. Bu proqnozun verilməsinin əsas səbəbi Çində tələbin aşağı düşəcəyi gözləntiləridir. Dünyanın ən böyük neft idxalçısında iqtisadi fəallıq yaxşılaşma əlamətləri göstərmədiyi üçün Çin, neft bazarları üçün əsas narahatlıq nöqtəsi olaraq qalıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.