TƏHSİL

Xaricdə təhsil şirkətlərinin saxta vədlərinə aldanmayın! Agentlik xəbərdarlıq etdi

TKTA bəyan edib ki, tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir.
Sputnik
BAKI, 27 avqust — Sputnik. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Bu barədə Sputnik Azərbaycan-a agentlikdən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, iddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd tanınma müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "Qaynar xətt" xidmətinə (146-8) və ya info@tkta.edu.az ünvanına məlumat verməkləri xahiş edilir.
Qeyd edək ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.
Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri aşağıdakılardır:
Akkreditasiyasız ali təhsil müəssisəsi;
Təhsil aldığı ölkənin ərazisində təhsilin normativ müddətindən az olması;
Dövlət nümunəli olmayan diplom;
Təhsil forması;
Tədris yükünün normativdən az olması.
Məlumat üçün onu da bildirək ki, bu ilin iyun ayı üzrə TKTA-a 308 müraciətçinin 237-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 71 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.