BAKI, 27 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşdə Xəzərin dayazlaşmasının qarşısını almaq üçün Volqa və Xəzər dənizinin vəziyyətinin elmi təhlilinin aparılması ilə bağlı tapşırıqlar verəcəyini bildirib.
"Mən bunu hökumətə həvalə edəcəm. Lakin siz Volqa və Xəzər dənizi regionunda baş verən hadisələrin elmi təhlilini aparmaq xahişi ilə mənə müvafiq müraciət hazırlayıb göndərin ki, Xəzərə kömək etmək üçün yaxın gələcəkdə nə etmək lazım olduğu qeyd olunsun", - Putin qeyd edib.
Dövlət başçısı əlavə edib ki, bu yaxınlarda Azərbaycana səfəri zamanı Xəzər dənizinin dayazlaşması mövzusu qaldırılıb. Putin onu da bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev Xəzər dənizinin dayazlaşdırılması məsələlərində Həştərxan vilayəti ilə əməkdaşlıqdan səmimi danışıb.
Babuşkin elmi ictimaiyyəti və praktikləri cəlb etməklə müvafiq hesabat hazırlayacağını vəd edib və əlavə edib ki, regionda Xəzər dənizinin dayazlaşması məsələsində ümumi anlayış və elmi yanaşma var.
"Mümkün qədər tez hazırlaşın ki, həm sizin işiniz, həm də Rusiya Federasiyası hökumətinin işi mənim göstərişim əsasında qurulsun", - Putin bildirib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə mətbuata bəyanatında demişdi ki, danışıqlar apardığımız otağın pəncərəsindən Vladimir Vladimiroviçə hələ iki il əvvəl suyun altında olan, bu gün isə artıq bir metr yuxarıya çıxan qayaları göstərdim.
Xəzərdə ekoloji vəziyyətdən, onun fəlakətli dayazlaşmasından söz açan dövlət başçısı bildirib ki, biz bunu Abşeron yarımadasının bütün sahili boyu, həm də Azərbaycanın bütün sahilyanı ərazilərində müşahidə edirik:
"Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün biz birgə səylərlə vəziyyəti təhlil etmək və həm ikitərəfli, həm də beştərəfli formatda həll yollarını müəyyənləşdirmək barədə razılığa gəldik. Yəni, bu ekoloji fəlakətin meydana çıxmasını artıq açıq-aşkar görürük".
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya Federasiyası Prezidentinin MDB üzv dövlətləri ilə Rusiya Federasiyasının dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi Mixail Petrakov BRİCS ölkələrinin Beynəlxalq Bələdiyyə Forumunda bildirib ki, Avrasiya təhlükəsizliyinin yeni arxitekturasının formalaşması kontekstində Xəzər regionunun rolu artır.
O vurğulayıb ki, müasir dünyada regional gündəm və regional proseslər ön plana çıxdıqda Xəzər regionu xüsusi məna kəsb edir.
M.Petrakovun sözlərinə görə, Xəzər problematikası müntəzəm olaraq toplaşan beş Xəzəryanı dövlətin prezidentlərinin diqqətindədir:
"Bu görüşlərdə (Xəzər sammiti) bütün əlaqələrin spektri müzakirə olunur. Beş sahilyanı dövlət arasında regionda sülhün, dostluğun, mehriban qonşuluğun, əməkdaşlığın və xalqların firavanlığının təmin edilməsi məqsədilə Xəzər dənizində qarşılıqlı fəaliyyət sahələrinin hərtərəfli inkişafının zəruriliyinə dair anlaşma hazırlanıb və əldə edilib. Üstəlik, bunlar siyasi şüarlar deyil, real məqsədlərdir. Çünki dənizyanı dövlətlərin real ehtiyaclarını əks etdirir".