BAKI, 27 avqust — Sputnik. Mərhum Xalq artisti Mirzə Babayevin nəvəsi Emin Babayev sosial şəbəkə vasitəsilə ictimaiyyətə müraciət edib.
Emin Babayev bildirib ki, tanımadıqları bir şəxs babasının adından istifadə edərək, dələduzluqla məşğuldur:
"Artıq bir neçə ildir, aşağıdakı şəkildə gördüyünüz kişi şəhərin müxtəlif yerlərində, əsasən kafe və marketlərdə özünü Mirzə Babayevin qardaşı kimi təqdim edərək, insanlardan müxtəlif formalarda yararlanır. Kimdənsə pul istəyir, kimsə onun yediyi yeməyin hesabını ödəyir və s. Təəssüf ki bu məlumatlar mənə postfaktum çatır və bu dələduz eyni yerə 2-3 dəfədən çox getmir. Sonuncu dəfə srağagün "20 Yanvar"dakı "Bravo"da tanış bir xanımla şəkil çəkdirib. Adam özü ilə Mirzə Babayevin şəkilini gəzdirir, sifətdən müəyyən oxşarlığı var, ailəmiz haqqında bəzi məlumatları əzbərləyib, geyimində də çalışır ki, Mirzə Babayeva oxşasın. Onu görən olsa xahiş edirəm hansısa bəhanə ilə ya onun nömrəsini öyrənsin, ya da səhərisi gün eyni yerdə görüş təyin edib mənə məlumat versin".
Qeyd edək ki, Mirzə Babayev Azərbaycan estrada musiqisinin banilərindəndir.
Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da Maştağada anadan olub.
O, 1935-1940-cı illərdə Bakı Sənaye İnstitutunun memarlıq şöbəsində təhsil alıb. Musiqiyə olan marağı 1948-ci ildə onu Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarıb və Mirzə Babayev burada professor Bülbülün sinfinə qəbul olub.
1953-cü ildə konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə tamaşaçıların böyük rəğbətini qazanıb və sevilib.
O, müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Mirzə Babayevin "radionun qızıl fondu"nda saxlanılan xeyli mahnısı var.
Mirzə Babayev bir aktyor kimi Azərbaycan kinosunun inkişafında böyük rol oynayıb. Onun müxtəlif vaxtlarda çəkildiyi filmlər müğənninin xalq arasında şöhrətini artırıb.
Aktyor "Dərviş Məstəli şah"da "Dərviş", "Bəyin oğurlanması"nda "Mirişin atası", "Dəli Kür"də "Dərviş" rollarını oynayıb.
Onun "Qorxma, mən səninləyəm", "Telefonçu qız", "Romeo mənim qonşumdur" filmlərində yaratdığı maraqlı və rəngarəng obrazlar da yaddaqalan olub. Mirzə Babayev 30-dan çox filmə çəkilib və eyni zamanda filmlərdə mahnı ifa edib.
Çoxşaxəli yaradıcılıq yolu keçən Mirzə Babayev həm də memar və rəssam kimi tanınıb.
O, Azərbaycan Memarlar İttifaqının üzvü olub. Respublikamızın paytaxtı Bakı şəhərində, Gəncədə, Sumqayıtda, Mingəçevirdə və başqa şəhər rayonlarda onun layihələrinə əsasən binalar tikilib.
Musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə, "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adına layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü olub, bir sıra orden və medallarla təltif edilib.
2002-ci il mayın 17-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən "Şöhrət Ordeni" ilə təltif edilib.
Mirzə Babayev iki dəfə "Humay" mükafatına layiq görülüb.
Böyük sənətkar, qayğıkeş və səmimi insan Mirzə Babayev ömrünün 90-cı ilində 2003-cü il yanvarın 13-də vəfat edib.