RUSİYA

"Vətən" partiyası Türkiyə hökumətini ABŞ-a nota verməyə çağırıb

ABŞ-ın ticarət nazirinin köməkçisi Metyu Akselrod bildirib ki, Türkiyənin ABŞ texnologiyalarının Rusiyaya axınını dayandırması lazımdır.
Sputnik
BAKI, 26 avqust — Sputnik. Türkiyənin "Vətən" partiyası Rusiya ilə ticarət aparan türk şirkətlərinə təzyiqlərə görə hökuməti ABŞ-a nota verməyə çağırıb.
Avqustun əvvəlində ABŞ Türkiyəni bir sıra malların Rusiyaya ixracını məhdudlaşdırmasa, nəticələri olacağı ilə hədələyib. Bu barədə Financial Times yazıb.
ABŞ-ın ticarət nazirinin köməkçisi Metyu Akselrod bildirib ki, Türkiyənin ABŞ texnologiyalarının Rusiyaya axınını dayandırması lazımdır. Nəşrin məlumatına görə, ABŞ Ticarət Nazirliyi artıq bu ölkənin hüquqi şəxslərindən Türkiyədən 18 şirkətə mühüm malların satışı üçün icazə almağı tələb edir.
Nəşrin mənbəsi bildirib ki, Ankaradan irəliləyiş görülmədiyi halda, Vaşinqton oxşar məhdudiyyətləri tətbiq etməyə davam edəcək. Qeyd edək ki, Ankaradakı diplomatik mənbə daha əvvəl RİA Novosti-yə bildirib ki, Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarından yan keçmə prosesində iştirak etmir.
"Aydınlık" qəzeti yazır ki, Türkiyənin ticarət əlaqələrinə müdaxiləni qiymətləndirən "Vətən" partiyasının sədr müavini Hakan Topkurulu hökumətin ABŞ-a nota göndərməli olduğunu qeyd edib:

"Rusiyanı döyüş meydanında məğlub edə bilməyən ABŞ müxtəlif tədbirlər görməyə çalışır. Bu tədbirlərdən biri də müxtəlif bəhanələrlə Rusiya ilə ticarət aparan ölkələri imkanlardan məhrum etmək cəhdidir. ABŞ Maliyyə Nazirliyi bu yaxınlarda qərarını açıqlayıb. Türkiyə müstəqil dövlətdir və Ticarət Nazirliyi bu sanksiyalara qarşı çıxmalıdır".

Bir müddət əvvəl Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıç demişdi ki, Türkiyə və Aİ-nin Rusiyaya qarşı sanksiyalarla bağlı fikirləri fərqlidir.
Mövlud Çavuşoğlu Türkiyənin xarici işlər naziri olarkən amerikalı həmkarı Antoni Blinkenlə keçirdiyi mətbuat konfransında deyib ki, Ankara Rusiyaya qarşı birtərəfli sanksiyalara qoşulmur, bununla belə onlardan yan keçməyə imkan vermir.
Əvvəllər Türkiyə prezidentinin rəsmi nümayəndəsi postunu tutan, indi isə milli kəşfiyyat təşkilatının rəhbəri olan İbrahim Kalın bəyan edib ki, ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq etsə, ilk növbədə Türkiyənin özünə qarşı olacaq.
İbrahim Kalın
Qərb Ukraynaya görə Rusiyaya qarşı sanksiya təzyiqlərini artırıb ki, bu da Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin artmasına səbəb olub. 2022-ci ilin fevralında Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri Aİ artıq Rusiyaya qarşı 14 sanksiya paketi tətbiq edib.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etdib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.