TƏHSİL

Universitetlərə qəbul üçün 7 mindən çox məzun ərizə verməyib

DİM sədri vurğulayıb ki, ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir.
Sputnik
BAKI, 26 avqust — Sputnik. Bu il yeddi mindən çox məzun ali təhsil müəssisələrinə ərizə verməyib. Sputnik Azərbyacan xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransı zamanı deyib. DİM rəhbəri deyib ki, bu il 101 mindən çox məzun olub:

"93 min məzun universitetlərə qəbul üçün ərizə verib. 7 mindən çox məzun isə ərizə verməyib. Əsas qəbul olunanlar bu ilin məzunları olub".

I mərhələdən sonra tələbə qəbulu aparılan 44 ali təhsil müəssisəsinin 25-də plan yerləri 95%-dən çox dolub.
M.Abbaszadə bildirib ki, 8 ali təhsil müəssisəsində (Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) 100 % dolub:
Məleykə Abbaszadə

"İlk dəfə qəbul aparılan Qarabağ Universitetinin plan yerləri 98.57%, Türkiyə – Azərbaycan Universitetinin plan yerləri 96.67%, İtaliya – Azərbaycan Universitetinin plan yerləri 95.52% dolub".

DİM sədri vurğulayıb ki, ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir.
O bildirib ki, müsabiqənin nəticələrinə fikir verdikdə qrup və ixtisaslar üzrə vəziyyətin necə formalaşacağı – müəyyən ixtisaslar üzrə keçid ballarının ötən illə müqayisədə yüksələcəyi ilə bağlı proqnozların özünü doğrultduğunu görə bilərik:
"Plan yerləri ən çox ikinci ixtisas qrupunda dolub (98.29%). Burada plan yerlərinin sayı imtahan verən və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayından çox olsa da, əvvəlcədən də proqnoz edildiyi kimi subbakalavrların şansı var idi və onların hesabına dolma göstəriciləri yüksəkdir. Ən çox subbakalavr (3549 nəfər) da məhz II qrup üzrə ixtisaslara qəbul olunub. I qrup üzrə də subbakalavrların imkanları var idi və 3053 nəfər qəbul olunub. I, III, IV və V ixtisas qruplarında plan yerləri müvafiq olaraq 93.37%, 97.38%, 89.96% və 92.20% dolub".
M. Abbaszadə qeyd edib ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TƏHSİL
Universitetlərə boş qalan plan yerlərinin sayı açıqlandı-DİM sədri