BAKI, 26 avqust — Sputnik. Birinci mərhələdən sonra I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransı zamanı deyib. DİM sədri bildirib ki, ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub.
Qurum rəhbəri xatırladıb ki, Dövlət İmtahan Mərkəzi avqustun 22-də 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib:
"Müsabiqənin nəticələrinə əsasən 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub".
O deyib ki, qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik:
"Ötən ilə nisbətən bu il tələbə olanların sayı 3715 nəfər daha çoxdur. Bu il həmçinin dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 2523 nəfər çoxdur. Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir", - M.Abbaszadə bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.