BAKI, 26 avqust — Sputnik. "Fındığın bir kiloqramını 2 manat 50-2 manat 70 qəpiyə alırlar. Bu heç fındığa çəkilən xərci ödəmir. Fındığın bir kiloqramını ağacın üstündən 50 qəpiyə, altından isə 1 manata yığırlar. Gübrə pulunu, dərmanlara ödədiyimiz vəsaitləri hesabladıqda, "aldım qoz, satdım qoz" olur. Bizə elə çəkdiyimiz əziyyət qalır".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Xaçmazın Xudat kənd sakini, fermer Səmayə Məmmədova bildirib. O, deyir ki, fındıq bu il dəyərindən çox aşağı qiymətə alındığından, Xaçmazda əhalinin çoxu fındıq bağlarını ləğv edib yerində gilas bağları salır.
Qeyd edək ki, bu mövsüm fındıq yığımında məhsuldarlıq yüksək olsa da, fermerlər fındığın çox aşağı qiymətə alınmasından gileylənirlər.
Həmsöhbətimiz bildirib ki, yaş fındığı qabıqlı şəkildə 1 manat 30 qəpikdən götürürlər. Bu da fermerlərə sərf etmir.
"Ötən il fındıq bağından 5 min manata yaxın gəlir əldə etsək də, bu il heç 3 min manat qazanmamışıq. Çünki, fındığın alış qiyməti çox aşağıdır. Ona görə də, kimin ehtiyacı yoxdursa, saxlayıb qışda satır. Gübrəyə borcu olanlar, fəhləyə verməyə pulu olmayanlar məcburdur ki mövsümdə ucuz qiymətə satsın. Bir lapeti 150 manatdan ucuz gətirmirlər. Çəkilən xərcləri hesablayanda özümüzə normal gəlir qalmır. Ona görə də, kənddə camaatın çoxu fındıq bağlarını ləğv eləyir. Yerinə hansı meyvə daha gəlirlidirsə, onu əkir. İndi Xaçmazda bağları olanların çoxu fındıq ağaclarını çıxardıb yerində gilas ağacı əkir. Gilas bağı bir neçə ilə bərhə versə də, fındıq əkib qəpik-quruş əldə etməkdən yaxşıdır" - fermer şikayətlənib.
Xaçmazın Ləcət kənd sakini, fermer Xammədov Amid də Sputnik Azərbaycan-a açıqlamasında fındıq bağı saxlamağın daha sərfəli olmadığını söyləyib. O, bildirib ki, fındığın bir kiloqramını yığdırmaq üçün fəhləyə 70 qəpik pul ödəyir:
"Fındığın 1 kiloqramını ən yaxşı halda 2 manat 80 qəpik - 3 manata satırıq. 1 hektar fındıq sahəsindən 1,5 ton fındıq götürmək mümkündür. Fındıq sahəsi ildə ən azı üç dəfə sulanmalıdır. Bunun üçün hər hektara 50 manat su pulu ödəyirik. 1,5 ton təmiz fındığı götürmək üçün 3,2 ton fındıq yığılmalıdır. Dövlət isə fındığın hər hektarına ildə 240 manat subsidiya verir. Gübrənin bir kisəsi 100 manatdır. Hər hektarına ən azı 5 kisə gübrə səpmək lazımdır. İndi özünüz hesablayın, görün fındıq bağı saxlamaq fermerə nə dərəcədə sərfəlidir?!".
O deyir ki, maşınla təmizlətmək hər 100 kiloqram fındığa 4 kiloqrama başa gəlir.
Analoji vəziyyət Şəki-Zaqatala bölgəsində də mövcuddur. Qax rayon sakini Həvva Hüseynova deyir ki, fındığı əziyyət çəkib yığmağına dəymir. Çünki yaylıq fındığın kilosu fermerlərdən 1.70 AZN-ə alınır.
"Yağışlı il olduğuna görə fındıq ağaclarına xəstəlik düşüb. Dərmanlar, gübrələr baha olduğundan, kəndlilər fındığa lazımi qulluq göstərə bilmirlər. Nəticədə də məhsul həm az, həm də keyfiyyətsiz olur. Qiymətlər də ki, çox ucuzdur" - fermer deyib.
O əlavə edib ki, qiymətlərə alıcılar da zərbə vurur:
"Bölgədə fındıq alışı inhisardadır. İnhisarçı hansı qiyməti oxusa, biz də o qiymətə satmağa məcburuq. Əks təqdirdə, fındıq əlimizdə qalır. Üstəlik, bizim bölgədə əksər insanlar gözünü fındıqdan gələn 5-10 manat pula dikir. Bizdən fındığı su qiymətinə alıb bazarlarda və xaricdə baha qiymətə satırlar. Bizə ancaq əziyyət qalır".
Zaqatala sakini Ramazan Ömərov isə deyir ki, oliqarxların bölgədə saldıqları aqroparklar fındıqçılıqla məşğul olan kəndlilərin "evini yıxıb".
"Əvvəl fındıq gəlirli idi. İndi isə kəndlilərin gözünü dikdiyi bu məhsulun yeni sahibləri gəlib. Onlar güzəştli qiymətlərə əldə etdikləri torpaq sahələrində dövlətin dəstəyi ilə intensiv bağlar salıblar. O bağlara verilən su havayıdır, gübrə isə güzəştli qiymətlərlə əldə edilir. Onların lazımi texnikası, işçiləri var. Təbii ki, sadə kəndlilər rəqabətdə onlara uduzacaqlar. Dövlət belə ədalətsiz rəqabətə şərait yaratmamalıdır" - Ömərov deyib.
Xaçmaz DAİM-dən isə bildirilib ki, fındığın alış qiymətinin bu il ucuz olmasının səbəbi məhsulun bol olması ilə bağlıdır. Qiymət bazarda tələb-təklif əsasında formalaşır, qiymətə müdaxilə mümkünsüzdür.
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bağçılıq təsərrüfatlarının ləğv edilməsi yaxşı hal deyil.
Natiq Cəfərli
© Sputnik / Murad Orujov
"Çünki, bir fındıq bağının ərsəyə gəlməsinə, bar verməsinə illər lazımdır. Ona görə də, dövlət belə vaxtlarda fermerlərə öz dəstək əlini uzatmalıdır ki, qiymət aşağı olduğuna görə fındıq bağları ləğv edilməsin. Bir fındıq bağının ərsəyə gəlməsinə 6-7 il vaxt lazımdır. Kənd Təsərrüfatı Nazirliyi qiymətlər aşağı olduğu dövrdə bağçılıqla məşğul olanlara yardım etməli, onların itkilərini kompensasiya etməlidir" - iqtisadçı bildirib.
Qeyd edək ki, şimal bölgəsində yeni salınmış fındıq bağlarına görə 4 il ərzində, hər il 730 manat olmaqla subsidiya verilir. Bundan əlavə, yeni intensiv fındıq bağı əkən fermerlərə dəstək məqsədilə hər hektarına 5 min manat birdəfəlik subsidiya da ödənilir.