CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Meymunçiçəyindən hansı yolla qorunmaq mümkündür? İnfeksionist açıqladı

Mütəxəssis meymunçiçəyi xəstəliyinin yayılma arealının qarşısını almağın tək yolunun epidemioloji vəziyyətə gücləndirilmiş nəzarət və vaksinasiya olduğunu söyləyib.
Sputnik
BAKI, 26 avqust — Sputnik. "Meymunçiçəyinin xaricdən ölkəmizə gətirilən əşya və bağlamalarla yayılma təhlükəsi real deyil. Çünki, həmin bağlamalar gömrük-keçid məntəqələrində dezinfeksiya edilir. Bu xəstəliyə xaricdən gətirilən əşya və bağlamalar vasitəsilə yoluxma riski azdır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında həkim-infeksionist İlhamə Abbasova söyləyib.
İnfeksionist İlhamə Abbasova
Qeyd edək ki, Azərbaycanda meymunçiçəyi (Mpox) xəstəliyinə yoluxma halı qeydə alınmasa da, virusun bir neçə ölkədə yayılması insanları təşvişə salıb. Artıq bir sıra dövlətlər meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısını almaq üçün sərhəddə karantin və sanitar nəzarəti gücləndirib.
İ.Abbasova Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, meymunçiçəyi hava-damcı yolu və təmas vasitəsilə keçən xəstəlik olduğundan, yayılmasının qarşısını almaq çətindir. Bununla belə, infeksionist sərhəd və gömrük-keçid məntəqələrində sanitar-karantin nəzarətinin gücləndirilməsi ilə xəstəliyin ölkəmizdə yayılmasını önləməyin mümkün olduğunu söyləyir.
O, meymunçiçəyi xəstəliyinin yayılma arealının qarşısını almağın tək yolunun epidemioloji vəziyyətə gücləndirilmiş nəzarət və vaksinasiya olduğunu söyləyib.
İnfeksionist bildirib ki, təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyi virusuna yoluxma ehtimalı müəyyən qədər azdır. Lakin o, təbii çiçək xəstəliyinə qarşı peyvəndlənmənin peyvənd təqviminə salınmadığını söyləyib.
İ.Abbasova meymunçiçəyi xəstəliyindən qorunmağın digər əsas yolunun orqanizmin immun sisteminin gücləndirilməsi olduğuğunu söyləyib.

"Meymunçiçəyi xəstəliyindən qorunmağın əsas yolu orqanizmin immunitetini gücləndirməkdir. Xüsusilə xroniki xəstəlikləri olan, immuniteti aşağı olan insanlar meymunçiçəyi xəstəliyinin dünyada yayıldığı dövrdə səhhətlərinə qarşı diqqətli olmalıdırlar. Bu virusa yaxalanmamaq üçün qan göstəriciləri normada olmalıdır. Qanı aşağı olan insanlar müvafiq müalicə kursları keçməklə orqanizmlərinin imunitetini gücləndirməlidirlər. Günəşli havada olmaq, meyvə-tərəvəzdən istifadə etmək də orqanizmin immun sistemi üçün vacibdir", - deyə infeksionist bildirib.

Həmsöhbətimiz bildirib ki, yeni tədris ilinin yaxınlaşması ilə əlaqədar valideynlər uşaqlarının qidalanmasına, immun sisteminə xüsusi diqqət yetirməli, uşaqlarını "çek-up" müayinələrdən keçirməlidirlər.
Yeni tədris ilinin başlanmasına az vaxt qalsa da, hələki heç bir təhsil müəssisəsi dezinfeksiya üçün müraciət etməyib.
Səhiyyə Nazirliyi Bakı Şəhər Dezinfeksiya Mərkəzinin baş həkimi Akif Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, meymunçiçəyi pandemiya halı alarsa, təhsil müəssisələrində dezinfeksiya tədbirlərinə başlanıla bilər.

"Hələ ki, ölkəmizdə meymunçiçəyi xəstəliyinə yoluxma qeydə alınmayıb. Bu il heç bir təhsil müəssisəsi bizimlə dezinfeksiya üçün müqavilə bağlamayıb. Əgər xəstəlik təhlükəli həddə çatarsa, dövlət tərəfindən tapşırıq verilərsə, təhsil müəssisələrində dezinfeksiya tədbirləri həyata keçirilə bilər", - deyə Akif Məmmədov bildirib.

Bakı məktəblərində dezinfeksiya işləri
Bir daha xatırladaq ki, hazırda Azərbaycanda meymunçiçəyi (Mpox) xəstəliyinə yoluxma halı qeydə alınmayıb. Bu barədə ÜST-nin Azərbaycandakı Ölkə Ofisindən bildirilib.
Qeyd edilib ki, bununla belə, ÜST bütün ölkələrə, o cümlədən Azərbaycana, hər hansı potensial epidemiyanın erkən aşkar edilməsini və nəzarəti təmin etmək üçün səhiyyədə fövqəladə hallara nəzarət və cavab sistemlərini gücləndirilməsini tövsiyə etməyə davam edir.
Qeyd edək ki, mövcud mpox epidemiyası Konqo Demokratik Respublikasında başlayıb və Afrikanın 17 ölkəsinə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymunçiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.