SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ATƏT PA-nın 60-a yaxın müşahidəçisi Azərbaycana gələcək

ATƏT PA-dakı İrlandiya nümayəndə heyətinin rəhbəri Maykl Krid ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının xüsusi əlaqələndiricisi və rəhbəri funksiyalarını icra edəcək.
Sputnik
BAKI, 26 avqust — Sputnik. Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün ATƏT Parlament Assambleyasının (PA) 60-a yaxın müşahidəçisi Azərbaycana gələcək. Bu barədə ATƏT PA-dan məlumat verilib.
ATƏT PA-dakı İrlandiya nümayəndə heyətinin rəhbəri Maykl Krid ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının xüsusi əlaqələndiricisi və rəhbəri funksiyalarını icra edəcək, ATƏT PA müşahidəçilər heyətinə isə Çexiyadan Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər üzrə Baş Komitənin sədri Lüsiya Potuçkova rəhbərlik edəcək.
"Bu növbədənkənar parlament seçkiləri xüsusilə altı ay bundan əvvəl keçirilmiş növbədənkənar prezident seçkiləri və bu yaxınlarda baş tutacaq BMT-nin irimiqyaslı beynəlxalq tədbiri (COP29) nəzərə alınmaqla şübhəsiz ki, böyük əhəmiyyət kəsb edir", M.Krid bildirib.
Nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, Parlament Assambleyasının müşahidəçiləri seçkilərin demokratik prinsiplərə uyğunluğu, azad səsvermə prosedurunun təmin edilməsi, ədalətli seçki kampaniyasının keçirilməsi və digər məsələlərə nəzarət etmək üçün Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ilə sıx əməkdaşlıq edəcəklər.

"ATƏT PA-nın beynəlxalq müşahidəçilərdən ibarət nümayəndə heyətinə başçılıq etmək mənim üçün böyük şərəfdir, onun iştirakı qarşıdan gələn mühüm seçki prosesinin qiymətləndirilməsində beynəlxalq institutların fəal iştirakının sübutudur", - L.Potuçkova əlavə edib.

Qeyd edək ki, Parlament Assambleyası 1995-ci ildən bəri on birinci dəfədir ki, ölkədə keçirilən seçkiləri müşahidə edir.
Sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.