BAKI, 24 avqust — Sputnik. Serotonin insanları xoşbəxt etmir, lakin o, insanların mənfi məlumatlara reaksiyasını dəyişdirərək, onları informasiyanın qavranılmasına daha davamlı edir.
Bunu Oksford alimləri müəyyən ediblər. "Qazeta.Ru" bu barədə məlumat verib.
Belə ki, tədqiqatda 50 nəfər iştirak edib. Onların yarısına testləri aparmazdan əvvəl serotonin səviyyəsini artırmaq üçün dərman verilib, qalanlarına isə verilməyib. Tədqiqat iştirakçıları öyrənmə, yaddaş və duyğuları qiymətləndirmək üçün tapşırıqları yerinə yetiriblər.
Təhlil göstərib ki, artan serotoninin səviyyəsi insanlara xüsusilə uğursuzluqlar qarşısında davranışlarını daha yaxşı idarə etməyə imkan verir. Lakin onların müsbət hadisələrə reaksiyası dəyişməyib. Bundan əlavə, elm adamları serotonin səviyyəsinin artmasının müxtəlif yaddaş növlərini yaxşılaşdırdığını aşkar ediblər.
Tədqiqatın nəticələri göstərib ki, serotonin mənfi məlumatlara reaksiyada mühüm rol oynayır, lakin müsbət reaksiyanı da gücləndirmir. Alimlərin nəticələri depressiyanın səbəblərini daha yaxşı anlamağa kömək edəcək.
"Serotonini tez-tez "xoşbəxtlik hormonu" adlandırırlar, lakin bəlkə də onu "o qədər də pis olmayan hormon" kimi düşünməyin vaxtı çatıb", - Britaniya alimləri bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.