DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Erkən yaşda planşetlərdən istifadə uşaqların aqressiyaya meylini artırır

Psixoloq bildirib ki, qacetlər uşaqlarda psixi pozğunluqlar epidemiyasına səbəb olub.
Sputnik
BAKI, 24 avqust — Sputnik. İnternet və sosial şəbəkələrə qoşulmuş mobil cihazların uşaq və yeniyetmələr arasında geniş yayılması psixi pozğunluqlar epidemiyasına səbəb olub.
Bu barədə Nyu-York Universitetinin psixoloqu Conatan Haydt özünün "Narahat nəsil: niyə sosial şəbəkələr gənclərimiz arasında psixi xəstəlik epidemiyasına səbəb olur" adlı kitabında qeyd edib.
Bəzi mütəxəssislər təcrübə məlumatları ilə təsdiqlənməyən bu tezisə şübhə ilə yanaşsalar da, bir çox valideynlər mobil telefonların uşaqlarının təhsilinə və əhval-ruhiyyəsinə necə mənfi təsir göstərdiyini müşahidə edərək bu fikri bölüşürlər.
"Jama Pediatrics" jurnalında dərc olunan araşdırma bu narahatlıqları qismən təsdiqləyir, eyni zamanda cihazların ekranlarının problemlərə səbəb olub-olmadığını və ya uşaqların çətinliklərlə üzləşdikləri zaman texnocihazlarda rahatlıq axtarıb-axtarmadıqlarını müəyyən etməkdə çətinliyi qeyd edir. 2020-2022-ci illər arasında 315 valideyn arasında aparılan sorğuda, üç yaş yarımlıq uşaqlarda planşetdən istifadənin bir ildən sonra daha çox isterika ilə və narazılıqlarla müşhaidə olunduğunu ortaya çıxarıb.
Lakin müəlliflərin fikrincə, valideynlər çox vaxt dəcəl uşağa mobil telefon və ya planşet verməklə onu sakitləşdirirlər. Buna görə də bu kimi cihazların istifadəsinin emosional inkişafa mane olub-olmadığını müəyyən etmək çətindir. Tədqiqatçı Stanislas Dehen iddia edir ki, uşaqlarda ekranlarla bağlı problemlər valideynlərin diqqətini onlardan yayındırması və bununla da uşaqlarının idrak mühitini məhdudlaşdırması ilə bağlı ola bilər.
Uşaqlar emosiyaları tənzimləməyi valideynlərinə baxaraq və onların hislərinin öhdəsindən necə gəlməsini izləyərək öyrənirlər. Uşaqların və valideynlərin ekranlar qarşısında keçirdikləri vaxt bu cür qarşılıqlı əlaqə imkanlarını azaldır. Tədqiqatçılar etiraf edirlər ki, pandemiya stress səviyyələrini artırıb və daha çox emosional partlayışlara, eləcə də daha çox valideyn və uşaqların sakitləşmələri üçün mobil cihazlara müraciət etməsinə səbəb olub.
Son araşdırmalar göstərir ki, mobil cihazdan istifadə ilə emosional problemlər arasında əlaqə yaratmaq asan deyil və təkcə ekran arxasında keçirilən vaxtı ölçmək deyil, həm də bu müddət ərzində görülən işlərin ölçülməsinin vacibliyini önə çıxarır. "Jama Pediatrics"də nəşr olunan məqalənin müəllifləri istifadə edilən məzmunu nəzərə almadıqlarını qeyd edirlər və mobil tətbiqlərdə çəkilən Daniel Tiger kimi bəzi animasiya proqramlarının uşaqlara emosional tənzimləməni yaxşılaşdırmağa kömək etdiyini bildirirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.