MƏDƏNİYYƏT

Altı ölkənin kinematoqrafçıları Molla Nəsrəddin haqqında filmdə bir araya gəliblər

Vaqif Mustafayev əminliklə qeyd edib ki, bu film onun uğurlu filmlərindən biri olacaq.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Altı ölkənin kinematoqrafçıları Şərqin ən məşhur folklor personajının hekayəsindən bəhs edəcək "Molla Nəsrəddin. Çətin günlərimin dostu" filminin ərsəyə gəlməsi üzərində işləyirlər.
Filmin rejissoru, Azərbaycan Respublikasının xalq artisti Vaqif Mustafayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, film Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə çəkilir.
Vaqif Mustafayev film çəkilişlərində
Burada Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanın kinematoqrafçıları iştirak edirlər. Film tragikomediya janrında çəkiləcək.

"Bizim komandamız beynəlxalq səviyyədədir. Hər bir ölkədən aktyorlar, səs rejissorları, rəssamlar və digər şəxslər iştirak edirlər. Onların hər biri öz işinin peşəkarıdır. Çəkilişlər həmçinin bütün altı ölkədə də baş tutacaq", - Mustafayev qeyd edib.

Onun sözlərinə görə, hər bir iştirakçı ölkə kino sahəsində müəyyən uğurlar əldə edib, ona görə də hesab edirəm ki, bu, çox yaxşı birgə film layihəsi olacaq. Rejissor qeyd edib ki, tənqidçilər həmişə olacaq, lakin kinematoqrafçılar buna tamamilə sakit yanaşırlar.
Mustafayev filmin məşhur personajı Molla Nəsrəddindən bəhs etdiyini deyib. Baş qəhrəmanın əsas vəzifəsi başqalarına müxtəlif çətin vəziyyətlərdən çıxmağa kömək etməkdir.

"Bizim dövrümüzdə Molla Nəsrəddin kimi insanlara çox ehtiyac duyulur. Bəzən hər birimiz bir növ müdrik məsləhət verəcək bir insanla görüşmək istəyirik", - rejissor vurğulayıb.

Xalq artisti qeyd edib ki, altı ölkədən çox sayda aktyor filmdə iştirak etmək üçün müraciət edib. Əsas rolları oynayacaq aktyorları müəyyənləşdirənə qədər kastinq hələ də davam edir.
Onun sözlərinə görə, "Molla Nəsrəddin. Çətin günlərimin dostu" filmi ən uğurlu əsərlərdən biri olacaq.
Xoca kimi də tanınan Molla Nəsrəddin qısa yumoristik və satirik miniatür və lətifələrin, bəzən də məişət nağıllarının qəhrəmanıdır.
Belə bir şəxsin reallıqda mövcud olduğu iddia edilir və buna hətta tarixi sübutlar da var.
Lakin hazırda Nəsrəddinin konkret doğum tarixi və ya yeri haqqında danışmaq üçün ciddi əsaslar olmadığından bu personajın mövcudluğunun reallığı məsələsi müəmmalı qalır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.