BAKI, 23 avqust — Sputnik. Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov MAQATE-nin rəhbəri Rafael Qrossi ilə görüş keçirib. Görüş zamanı Kursk AES-ə səfər müzakirə edilib.
Bu barədə diplomat özünün "Teleqram" kanalında yazıb.
"Mən bu gün MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşdüm. Onunla Kursk AES-ə gözlənilən səfəri ilə bağlı praktiki məsələləri müzakirə etdik" – Ulyanov bildirib.
Qrossi, çox güman ki, gələn həftənin əvvəlində Kurçatovdakı Atom Elektrik Stansiyasına baş çəkəcək.
Bundan əvvəl "Rosatom"un rəhbəri Aleksey Lixaçev Qrossi ilə telefon danışığı aparıb. O, MAQATE rəhbərini nüvə obyekti ətrafındakı vəziyyəti qiymətləndirmək üçün Kursk AES-ə və Kurçatov şəhərinin özünə baş çəkməyə dəvət edib.
Kursk vilayətinin rəhbəri vəzifəsini icra edən Aleksey Smirnov bundan əvvəl Kursk, Jeleznoqorsk və Kurçatovda beton sığınacaqların quraşdırılacağını açıqlamışdı.