BAKI, 23 avqust — Sputnik. Özbəkistan bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraka ciddi hazırlaşır.
Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında çıxışı zamanı deyib.
Özbəkistan dövlət başçısı vurğulayıb ki, bu il Azərbaycan dünyada ən böyük beynəlxalq tədbirlərdən biri olan COP29 qlobal iqlim sammitinə ev sahibliyi edəcək: "Geniş regionumuzda ilk dəfədir ki, belə sammit keçirilir. Bu da Azərbaycanın xarici siyasət kursunun effektivliyinin tanınmasını bir daha təsdiqləyir. Özbəkistan da COP29-da iştiraka ciddi hazırlaşır. Uğurlar arzulayıram. Biz həmişə yanınızda olacağıq".
Mirziyoyev bildirib ki, Qarabağ gözlərinin qarşısında dirçəlir və çiçəklənən diyara çevrilir.
Mirziyoyev ölkənin ərazi bütövlüyünün bərpasında və qədim Azərbaycan torpaqlarının qaytarılmasında Prezident İlham Əliyevin tarixi rolunu vurğulayıb.
Onun sözlərinə görə, Prezident Əliyev həm atasının, həm də bütün Azərbaycan xalqının böyük arzusunu həyata keçirib.
"Mən özüm Füzuli və Şuşada olmuşam, hər şeyi öz gözlərimlə görmüşəm və sevinmişəm", - Özbəkistan lideri vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-də Özbəkistan Respublikasına dövlət səfərinə gedib.