BAKI, 23 avqust — Sputnik. "Bu il ən ciddi bal artımı 1-ci ixtisas qrupunda riyaziyyat-informatika alt qrupunda olub".
Bunu Sputnik Azərbaycan-a 2024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə dünən açıqlanan qəbul imtahanlarının nəticəsini şərh edən təhsil üzrə ekspert Kamran Əsədov söyləyib.
K.Əsədov deyib ki, 2024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul müsabiqəsinin 1-ci turunun nəticələrinə əsasən, rekord sayda – 55 656 nəfər tələbə adını qazanıb:
"Ötən il 48 minə yaxın abituriyent ali məktəblərə qəbul olub. Müqayisə üçün deyim ki, 2010-c ildə ali müəssisələrinin qəbul plan yeri 29 min idisə, 2024-cü ildə 55 mindən çox tələbə qəbul olub. Bu il informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompyuter elmləri və kompyuter təhlükəsizliyi ixtisaslarında böyük bal artımı müşahidə edilidi. Bundan əlavə, 4-cü ixtisas qrupunda tibb ixtisasında bal yüksəlişi müşahidə olundu. Bunun da əsas səbəbi mart ayının 3-də və 10-da keçirilən buraxılış imtahanlarında şagirdlərin nəticələrinin yaxşı olması ilə bağlı idi. Həmçinin 2-ci ixtisas qrupunda tədrisin ingilis dilində aparıldığı ixtisaslarda da bal artımı müşahidə olundu. Ötən il 600 ətrafında olan ballar daha da yüksəldi".
Ekspert deyib ki, bu il yeni yaranan Qarabağ Universitetində və Azərbaycan-Türkiyə Universitetində ballar ciddi şəkildə artımla formalaşa bilib:
"Yeni universitetlər artıq ali təhsil müəssisələri arasında rəqabət mühiti yaradacaq. Bu universitetlərə qəbulda yüksək keçid ballarının formalaşması, işğaldan azad edilmiş torpaqlarda təhsilə maraq yaratmış oldu. Qarabağ Universitetində hüquqşunaslıq ixtisası üzrə 609 bal formalaşdı. Bakı Dövlət Universitetində (BDU) bu ixtisas üzrə ödənişsiz ixtisaslarda keçid balı 613-dür. Yüksək bal toplayan abituriyentlərin Qrabağ Universitetini seçməsi çox yaxşı haldır. Bu işğaldan azad edilmiş tarixi torpaqlarımızda təhsil mühitinin bərpasına öz böyük töhvəsini verəcəkdir. Azərbaycan-Türkiyə Universitetində kompyuter mühəndisliyi ixtisası üzrə keçid balı 641 bal formalaşdı ki, bu da Bakı şəhərində yerləşən digər univerisitetlərin nəticələrindən yüksəkdir. Qarabağ Universiteti planlaşdırılmış 1120 plan yerlərinin hər biri üzrə abituriyentləri qəbul edə bildi. Bu da ali məktəblər arasında rəqabət mühitinin formalaşmasına səbəb olacaq".
Kamran Əsədov onu da bildirib ki, bu qəbul ili region universitetlərinə ciddi maraq müşahidə olunub. Belə ki, region universitetləri arasında Sumqayıt Dövlət Universitetini (SDU) seçənlər daha çoxdur:
"Bakı şəhərində ixtisas seçimi aparan abituriyentlər belə, BDU-dan sonra SDU-nu seçməyə maraqlı olublar. Bu da son bir ildə SDU-da aparılan müsbət işlərin nəticəsidir. Başda Qarabağ Universiteti olmaqla regional universitetlər artıq Azərbaycan universitetləri arasında brend universitetə çevrilirlər ki, bu da çox yaxşı haldır".
Kamran Əsədov bildirib ki, ixtisas qrupları üzrə boş qalan plan yerləri aşağıdakı kimidir:
I ixtisas qrupu üzrə: 1630 yer.
II ixtisas qrupu üzrə: 387 yer.
III ixtisas qrupu üzrə: 590 yer.
IV ixtisas qrupu üzrə: 450 yer.
V ixtisas qrupu üzrə: 0 yer.
Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı növbəti həftənin əvvəllərində "Abituriyent" jurnalının 7-ci sayında dərc olunacaq.