AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan Prezidenti Daşkənddə Müstəqillik abidəsini ziyarət edib

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.
Sputnik
BAKI, 22 avqust — Sputnik. Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər. Azərtac xəbər verir ki, dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.
Məlumat verilib ki, Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə ucaldılan abidə özbək xalqının üç min illik tarixini əks etdirir. Yeni abidə paytaxt yaxınlığında yerləşən, ölkənin müstəqilliyinin ildönümünə həsr olunan “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində yerləşir. Altmış metr hündürlüyündə abidə görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti ilə əlamətdar olan dövrü əks etdirir.
Azərbaycan Prezidenti Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
Abidənin üzərində Özbəkistan tarixində qədim vaxtlardan müasir dövrədək baş verən mühüm hadisələr təsvir edilib. Kompleksdə əsasən sərkərdə və döyüşçülərin, alim və mütəfəkkirlərin, maarifçilərin obrazları əks olunub. Müstəqillik abidəsini sülhü, azadlığı, xeyirxahlığı və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva burada xatirə şəkli çəkdiriblər.
22.08.24, 15:44
Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddəki Heydər Əliyev Meydanında Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar.
22.08.24, 15:28
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-də Özbəkistan Respublikasına dövlət səfərinə gedib. Bu barədə Azərtac xəbər verir.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər proqramına uyğun olaraq, Özbəkistan və Azərbaycan liderlərinin sədrliyi ilə yüksək səviyyəli danışıqların və Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi, Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və genişləndirilməsi planlaşdırılır.
Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin artırılması, əməkdaşlıq layihələrinin yeni portfelinin formalaşdırılması, işgüzar əlaqələrin, o cümlədən regionlararası mübadilə çərçivəsində inkişaf etdirilməsi, nəqliyyat-kommunikasiya potensialının açılması, mədəni-humanitar əlaqələrin intensivləşdirilməsi və digər məsələləri müzakirə edəcəklər.
Sonuncu dəfə Azərbaycan lideri 2022-ci ilin iyununda Özbəkistanda dövlət səfərində olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.