BAKI, 22 avqust — Sputnik. Aqrar Sığorta Fondunda (ASF) müstəqil aqrar sığorta ekspertlərinin hazırlığı üzrə növbəti təlimlərə start verilib. 2024-cü il ərzində ikinci dəfə təşkil olunan təlimdə ölkənin müxtəlif bölgələrini təmsil edən 75 namizəd iştirak edir.
Fonddan Sputnik Azərbaycan-a bildiriblər ki, təlimlərdə namizədlərə əkin sahələri və təsərrüfatlarda baş verən hadisələrin araşdırılması, fermerlərə dəyən zərərin səbəblərinin müəyyən edilməsi, dəymiş zərərin hesablanması üzrə biliklər verilir.
Təlimlərin başlanması ilə əlaqədar keçirilən tədbirdə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov aqrar sığortanın əhatəsinin sürətlə genişləndiyi dövrdə müstəqil aqrar sığorta eksperti institutunun vacibliyini qeyd edib.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov
© Photo : Ministry of Agriculture (Azerbaijan)
"Aqrar sığorta ekspertlərinin sayının artması və bütün ölkəni əhatə etməsi sığorta hadisələri ilə bağlı müraciətlərə daha tez reaksiya verməyə, hadisə nəticəsində dəyən zərərlərin daha sürətli tənzimlənməsi və fermerlərə ödənişlərin daha tez həyata keçirilməsinə imkan verəcək", - ASF-nin İdarə Heyətinin sədri bildirib.
Qeyd edilib ki, sığortalanan əkin sahələri artdıqca sığorta hadisələrinin və onların tənzimlənməsinə tələbat da yüksəlməkdədir. 2024-cü ilin ilk 7 ayında təsərrüfatlarda baş verən hadisələr üzrə Aqrar Sığorta Fonduna 1700-ə yaxın müraciət daxil olub. Bu müraciətlər Aqrar Sığorta Fondunun sığorta etdiyi 450 min hektar əkin sahəsinin 140 min hektarını əhatə edir.
Müstəqil aqrar sığorta ekspertləri üçün növbəti təlimlərə start verilib
© Photo : Ministry of Agriculture (Azerbaijan)
"Hadisələrin artması ilə əlaqədar Aqrar Sığorta Fondunun ödənişləri sürətlə artır. 2024-cü ilin yanvar-iyul aylarında Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 3 milyon 250 min manat ödəniş edilib. Ödənişlərin 2 milyon 573 min manatı bitkiçilik, 678 min manatı isə heyvandarlıq sığortası üzrə olub" - F.Sadıqov əlavə edib.
Qeyd edək ki, aqrar sığorta ekspertləri üçün təlimlər avqustun 25-də başa çatacaq. Təlimlərdən sonra namizədlər Dövlət İmtahan Mərkəzinin imtahanında iştirak edəcək və müvafiq sertifikat alaraq fəaliyyətə başlayacaqlar.
Aqrar Sığorta Fondu haqqında
Xatırladaq ki, Aqrar Sığorta Fondu 2019-cu ildə təsis edilib. "Aqrar sığorta haqqında" qanuna əsasən ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulub. Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Aqrar sığorta sistemi könüllü sığorta prinsipləri əsasında təşkil edilib.
Əlavə edək ki, fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.