BAKI, 22 avqust — Sputnik. Daşkəsən rayon Xoşbulaq kənd tam orta məktəbin binası qəzalı vəziyyətdədir. Bu barədə Sputnik Azərbaycan-a kənd sakinləri məlumat verib. Onlar bildiriblər ki, kənd məktəbi qəzalı vəziyyətdə olduğundan, şagirdlərin çoxu təhsil almaq üçün rayon mərkəzindəki məktəblərə üz tuturlar. Onlar qışda məktəbin istilik problemlərinin də yarandığını söyləyiblər. Bildiriblər ki, məktəbin bir hissəsinin damı dəyişdirilsə də, təmir yarımçıq saxlanılıb.
Daşkəsən rayon Xoşbulaq kənd tam orta məktəbinin direktoru Müşfiq Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəbin təmiri üçün Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müraciət edilib.
"Məktəbimiz 625 yerlikdir. Əvvəllər tərkibində peşə məktəbi də fəaliyyət göstərib. Onun qəzalı və ciddi təmirə ehtiyacı olduğu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə məlumat verilib. Məktəbin şəkilləri çəkilərək məktuba əlavə olunub. İdarədən də bildirilib ki, maliyyə vəsaiti ayrılan kimi məktəb təmir olunacaq. Hazırda məktəbimizdə 30 şagird təhsil alır. Qasırğa olanda külək məktəbin damını qopardığı üçün məktəbin bir hissəsinin damı yenilənib. Lakin o, əsaslı təmir olunmalıdır" - deyə məktəb direktoru bildiib.
O, qışda məktəbin odun sobası ilə qızdırıldığını söyləyib. Bildirib ki, qışda sinif otaqlarının soyuq olması iddiası əsassızdır.
Direktor kənd məktəbində davamiyyətə ciddi nəzarət olunduğunu, buna görə də ali məktəbə hazırlaşan şagirdlərin başqa məktəblərə yönəldiyini söyləyib. Əlavə edib ki, kənddə yaşayan sakinlərin sayı da günü-gündən azalır. Kənd əhalisinin bir hissəsi köçəri həyat sürür. Digər hissə isə Gəncədə məskunlaşmağa üstünlük verir. Bu da şagird sayının azalmasına səbəb olur.
M.Məmmədov bir ildir ki, məktəbə direktor təyin olunduğunu, təyin olunarkən təhsil ocağının təmir olunacağı barədə ona da vəd verildiyini söyləyib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab veriləcəyi bildirilib.