BAKI, 22 avqust — Sputnik. Azərbaycan BRICS-ə (BRİKS) daxil olmaq üçün rəsmi müraciət edib. Azərbaycan XİN rəsmisi Ayxan Hacızadə də bu məlumatı Sputnik Azərbaycan-a təsdiqləyib.
Xatırladaq ki, iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.
BRİKS dünyanın əsas inkişaf etməkdə olan iqtisadiyyatlarını bir araya gətirən mühüm qrupdur. 2023-cü ilin statistik məlumatlarına görə, bu birlik dünya əhalisinin 41%-ni əhatə edir, üzv ölkələrin ÜDM-i 2023-cü ilə qədər qlobal ÜDM-in 31,5%-ni təşkil edir. BRİKS ölkələri üzv ölkələr arasında iqtisadi əməkdaşlığı daha da inkişaf etdirməyə və onların dünyada iqtisadi və siyasi mövqelərini artırmağa çalışan bir təşkilat kimi fəaliyyət göstərir.
BRİKS İranın nüvə proqramı və Liviya, Suriya və Əfqanıstandakı münaqişələr kimi regional problemlərin həllinə çalışmaq, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda (BVF) islahatlar kimi maliyyə və iqtisadi məsələlərin həlli, BRİKS Banklararası Əməkdaşlıq Mexanizminin yaradılması kimi bir sıra birgə prioritetlərə malikdir.
Bəs Azərbaycan BRİKS-ə niyə üzv olmaq istəyir?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycan dövləti özü üçün məqbul hesab etdiyi platformalarda iştirak etməyə həmişə maraqlı olub.
Elşad Mirbəşiroğlu
© Sputnik
Onun sözlərinə görə, BRİKS ilə Azərbaycan əlaqələri son bir neçə ildir ki, formalaşmaqdadır:
"Rusiya Prezidenti Vladimir Putin ölkəmizdə iki günlük dövlət səfərində olarkən Azərbaycan prezidentini Kazanda keçiriləcək BRİKS sammitinə dəvət etdi. Nəzərə almaq lazımdır ki, Azərbaycan BRİKS-ə üzv olan ölkələrlə kifayət qədər oturuşmuş, inkişaf etmiş ikitərəfli münasibətlərə malikdir. Bu mənada xüsusilə Rusiya Federasiya və Çin Xalq Respublikasını qeyd etmək lazımdır. Rusiya Fedrasiyası ilə Azərbaycan arasında 2022-ci ildə Müttəfiqlik Qarşıqılı Fəaliyyəti haqqında Bəyannamə imzalanıb, bu ilin iyul ayında isə ŞƏT çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub. BRİKS-in aparıcı ölkələri Rusiya Federasiyası və Çin Xalq Respublikası hesab olunur. BRİKS-in digər üzv ölkəsi İranla Azərbaycan münasibətlərində zaman-zaman gərginliklər müşahidə edilsə də, son dövrlər münasibətlərin normallaşması müşahidə edilir. İranla Azərbaycan münasibətlərinin yeni mərhələsi başlayır".
Professor bildirib ki, Azərbaycan xarici siyasətinin əsas prinsipi ondan ibarətdir ki, qonşu ölkələrlə konstruktiv, qarşılıqlı maraqlara cavab verən münasibətlər qurulsun:
"Azərbaycan həmişə bu istiqamətdə səmimi mövqe nümayiş etdirir, praktiki addımlar atır. Bu baxımdan hesab edirəm ki, BRİKS Azərbaycan üçün uğurlu bir platforma ola bilər. BRİKS üzv ölkələr arasında hərətərəfli əməkdaşlığın, bərabərhüququluluq, qarşılıqlı maraqların nəzərə alınması, ərazi bütövlüyünə hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında münasibətlərin qurulmasını dəstəkləyən bir platformadır. Bunu hər hansı bir blok kimi səciyyələndirmək olmaz. Sözsüz ki, Azərbaycan da iqtisadi, ticari əməkdaşlığın şaxələndirilməsinin tərəfdarıdır".
Elşad Mirbəşiroğlunun sözlərinə görə, BRİKS-ə üzv ölkələr Azərbaycan kimi nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsində maraqlıdır.
"Azərbaycan Şərqdən Qərbə, Şimaldan Cənuba gedən dəhlizlərin üzərində yerləşir və öz ərazisində bu dəhlizlərin seqmentlərini hazır vəziyyətə gətirib. Azərbaycan prezidenti İlham Əliyevin Rusiya lideri ilə görüşündə səsləndirdiyi kimi Azərbaycan ərazisindəki nəqliyyat logistika infrastrukturları artıq səmərəli fəaliyyət göstərməkdədir. Azərbaycanda həmin infrastrukturların yükkeçiricilik imkanlarının genişləndirilməsi tədbirləri görülür. BRİKS platformasında Azərbaycan üzv ölkələrlə daha yaxından əməkdaşlıq etmək imkanı qazanacaq".
"Nəzərə almaq lazımdır ki, BRİKS 2006-cı ildən fəaliyyətdədir. Sonradan üzv ölkələrin əhatəsi genişlənib. Hesab edirəm ki, BRİKS kifayət qədər perspektivli platformadır. BRİKS çərçivəsində böyük bir coğrafiyada səmərəli əməkdaşlıq qurmaq imkanları mövcuddur. Azərbaycanın üzv ölkələrlə münasibətlərinin xarakteri də deməyə əsas verir ki, ölkəmiz bu platformada öz iqtisadi əlaqələrinin genişləndirilməsi ilə bağlı planlarını daha uğurla həyata keçirə bilər", - Elşad Mirbəşiroğlu fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.