Bir kəmərdə baş verən qəza Bakının çox hissəsini niyə susuz qoydu?
Ekspertlər su itkilərinin qarşısının alınmasının vacib olduğunu söyləyiblər.
SputnikBAKI, 22 avqust — Sputnik. "Oğuz-Qəbələ-Bakı su xətti Bakıya daxil olan suyun çox az hissəsini, saniyədə 5 kubmetrini təşkil edir. Bir kəmərdə baş verən qəza paytaxtda ciddi su çatışmazlığı yaratmamalıydı. Baş verən qəzadan sonra 10 rayonun susuz qalması, istismar olunan su boruların və su paylayıcı şəbəkənin köhnə olması ilə əlaqədardır". Bunu Sputnik Azərbaycan-a müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Meliorasiya və su təsərrüfatı tikintisi kafedrası dosenti Fərzəli Həsənov söyləyib.
Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su xəttində baş vermiş qəza üç gündür ki, paytaxtın 10 rayonunda və Abşeronun müəyyən ərazilərində suyun verilişinin dayandırılmasına səbəb olub. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, baş verən qəza aradan qaldırılıb. Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar aparılan təmir-bərpa işləri başa çatıb. Su kəmərinin doldurulması prosesinə başlanılıb. Normativ qaydalara uyğun olaraq suyun əvvəlki rejimlə bərpası istiqamətində intensiv işlər görülür.
Sputnik Azərbaycan fos-major hallarda paytaxtda su qıtlığının yaranmaması üçün hansı işlərin görülməli olduğunu araşdırıb.
Mütəxəssis Fərzəli Həsənov bildirib ki, bir kəmərdə baş vermiş qəza ilə Bakının və Abşeron yarımadasının susuz qaldığını söyləmək düzgün ifadə deyil:
"Mətbuat yazır ki, "Bakı və Abşeronda üç gündür su yoxdur". Su təchizatı ilə bağlı anlayışı olanlar bilir ki, Oğuz-Qəbələ-Bakı su xətti Bakıya daxil olan su kəmərlərindən biridir. Bakıya isə azı 4 kəmər vasitəsilə su daxil olur. Yəni, bir kəmərdə baş verən qəza Bakının və Abşeronun bütövlükdə susuz qalmasına səbəb ola bilməz. Mən Novxanı qəsəbəsində yaşayıram, suyum gəlir. Odur ki, baş vermiş qəzanı ümumilikdə paytaxtın susuz qalması kimi qələmə vermək düzgün yanaşma deyil".
F.Həsənov bildirir ki, paylayıcı su kəmərləri köhnə olmasa, su anbarları lazımi səviyyədə doldurulsa, baş verən qəza elə də ciddi su çatışmazlığı yarada bilməzdi.
"Oğuz-Qəbələ-Bakı kəməri vasitəsilə Bakı şəhərinə kəmərin layihə gücü həcmində, yəni saniyədə 5 kubmetr su verilir. Kürdən isə Bakıya saniyədə 9 kubmetr su daxil olur. Digəri isə Ceyranbatan su anbarından daxil olan sudur ki, onun da həcmi saniyədə 9 kubmetrdir. Xaçmaz zonasından isə saniyədə 4 kubmetr Bakıya su daxil olur. Ümumilikdə Abşeron yarımadasına Sumqayıt da daxil olmaqla saniyədə 27 kubmetr su daxil olur. Sadaladığım kimi, Bakıya bir neçə kəmərlə su verilir. Bunların birində qəzanın baş verməsi 10 rayonun susuz qalmasına səbəb olmamalıdır. Görünür Bakıda qapalı su hovuzları lazımi səviyyədə doldurulmur. Bu anbarlar tam doldurulmalıdır ki, qəza anlarında depolardan su götürmək mümkün olsun. Paytatxda su ehtiyatı olmalıdır", - deyə mütəxəssis bildirib.
Kafedra müdiri deyir ki, su kəmərlərində qəzaların baş verməsi normaldır. Amma üç gün bir neçə rayonu susuz saxlamaq da düzgün deyil. Ona görə də aidiyyatı qurumlar öz işlərinə məsuliyyətlə yanaşmalıdırlar.
Həmsöhbətimiz bildirir ki, əksər hallarda su kəmərlərinə lazımi təzyiqlə su vurmaq olmur. Çünki, supaylayıcı kəmərlərin çoxu istismar müddətini çoxdan başa vurub. F. Həsənov deyir ki, Bakıda elə supaylayıcı kəmər var ki, istismar müddəti 60-100 ilə çatır. Bu isə su itkilərinə səbəb olur.
"Bakıda əhali sayı artıb. Rəsmi rəqəmlərdə bu iki milyon olsa da, Bakı və Abşeron yarımadasında 4 milyondan çox əhali yaşayır. Bu təbii ki, suya olan təlabatı da artırır. Ona görə də, yerlərdə su itkilərinin qarşısı alınmalıdır. İçməli su texniki məqsədlərlə də istifadəsi olunur. Biz içməli sudan yaşıllıqların sulanmasında, sənayedə istifadə edirik. İçməli sudan texniki məqsədlərlə istifadə tədricən azaldılmalıdır. Nəhayət, ən böyük problem olan, supaylayıcı şəbəkə yenidən qurulmalıdır. Bakı və Abşeronda 100 il bundan əvvəl çəkilən su sitemindən istifadə olunur. Bu kəmərlərə köhnə olduğu üçün təzyziqlə su vurmaq olmur. Bütün bu sadaladıqlarım bir kəmərdə qəza baş verəndə, Bakıda bir neçə rayonda su probleminin yaranmasına səbəb olur", -deyə Fərzalı Həsənov bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı şəhərinin su ilə təminatı dörd-beş mənbədən aparılır.
R.Abbasov bildirib ki, Oğuz-Qəbələ-Bakı su kəməri daha yeni mənbədir. Onun sözlərinə görə, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verəcək qəza riski əvvəldən nəzərə alınmalıdır.
"Amma su infrastrukturunu tənzimləmək bir qədər çətindir. Su elektrik enerjisinin verilməsi kimi deyil ki, bir mənbəni söndürüb digər mənbəni yandırasan və sürətlə dayanıqlılıq təmin edilə. Suda infrastruktur elə qurulub ki, şəhərin ayrı-ayrı hissələri ayrı-ayrı mənbələrin ümidinə qalıb", - deyə ekspert bildirib.
Mütəxəssis onu da bildirib ki, son illər baş verən quraqlılar Oğuz-Qəbələ-Bakı su kəmərindən gələn suyun azalmasına müəyyən qədər təsir göstərir:
"Amma problemin bir həlli yolu var. Əvvəlcə su itkisinin qarşısı alınmalıdır. Qeyri rəsmi məlumatlara görə, şəhərə verilən suyun 50 faizə qədəri itkiyə gedir. Bu göstərici bütün şəhərlər üçün xarakterikdir. Həmçinin alternativ su mənbələrindən istifadəyə keçid təmin edilməlidir. Bununla bağlı artıq xüsusi qərarlar da var. Abşeron yarımadasının şərq hissəsində kənd təsətrrüfatı sahələrinin və yaşayış məntəqələrinin Xəzər dənizindən alınan su ilə təminatı nəzərdə tutulur. Dəniz suyunun duzsuzlaşdırılması ilə tədricən həmin ərazilərin ehtiyacı üçün təmin edilməsi planlaşdırılır. Bu da müəyyən qədər Bakı və Abşerona daxil olan su kəmərlərindən asılılığı aradan qaldıracaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.